Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub
Aprelin 30-da Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.
BrendSport.az xəbər verir ki, 2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərin xatirəsinə həsr edilmiş turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (Fərdi Neytral İdmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda mübarizə aparıb.
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunmuş yarışın rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəşadətli Ordumuzun Zəfərinə və Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Rəsmi və bədii hissə başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.
Turnirin finalında "Edelveys" (Fərdi Neytral İdmançılar) və "Judo Club 2012" komandaları qarşılaşıblar. Azərbaycan təmsilçiləri rəqibinə qalib gələrək kuboku və qızıl medalları qazanıblar. Bürünc medallara "Atilla" İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir 2018, 2019 və 2023-cü illərdə də təşkil olunub.
Facebook-da paylaş