Azərbaycan karateçisi İrina Zaretska Olimpiadanı gümüş medalla başa vurub
Azərbaycan karateçisi İrina Zaretska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə növbəti - üçüncü gümüş medalı yazdırıb.
BrendSport.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Olimpiya çempionu adı uğrunda görüşdə Misir karateçisi Feryal Abdelazizə uduzaraq (0:2) gümüş medala sahib olub.
Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü qarşılaşmada qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzan karateçimiz sonuncu döyüşdə türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edib.
Qrupda keçirdiyi görüşlərin üçündə qələbə qazanan və bir qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Yarımfinalda çinli Qun Lini 7:2 hesabı ilə məğlub edən karateçimiz həlledici mərhələdə iştirak hüququ qazanıb.
Xatırladaq ki, İ.Zaretska 2018-ci ildə Madriddə keçirilən dünya çempionatının qalibi olub. Karateçimiz bu il Xorvatiyanın Poreç şəhərində təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, “Bakı-2015” ilk Avropa Oyunlarının və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu olub.
Beləliklə, Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Olimpiadaya 44 idmançı ilə qatılan komandamız 3 gümüş və 4 bürünc medal qazanıb. Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev və İrina Zaretska, həmçinin sərbəst güləşçi Hacı Əliyev yazdırıblar. Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın pəhləvanımız Mariya Stadnik sahib olublar.
Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadaları qızıl medalsız başa vurub.
Facebook-da paylaş