Azərbaycan idmançılarının “Tokio-2020”yə hazırlığı üçün hər cür şərait yaradılıb
Azərbaycan idmançılarının “Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarına hazırlığı məqsədilə təlim-məşq toplanışları üçün İşikava prefekturasının Şika şəhərindəki oteldə və idman bazalarında hər cür şərait yaradılıb.
BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Şika şəhərinin meri Masaru Koizumi ilə keçirilən görüşündə bildirilib.
Görüşdə iki dost ölkə arasında ikitərəfli, o cümlədən regionlararası əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Görüşün əsasən Azərbaycanın güləş üzrə Olimpiya komandasının “Tokio-2020”yə hazırlığı məqsədilə təlim-məşq toplanışlarına ev sahibliyi edəcək Şika şəhərində hazırlıq işlərinin gedişi müzakirə edilib.
Həmçinin Azərbaycan milli paralimpiya komandasının Şika şəhərində təlim-məşq toplanışlarının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhərin meri M.Koizumi idman kompleksinin tam şəkildə hazır olduğunu, şəhər sakinlərinin Azərbaycan idmançılarını səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb. Bildirilib ki, Şika şəhərində və ümumilikdə regionda COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət Yaponiyanın digər bölgələri ilə müqayisədə daha yaxşıdır və tam nəzarətdədir.
G.İsmayılzadə Azərbaycan idmançılarının Şika şəhərində “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları başlamazdan əvvəl təlim-məşq toplanışları keçirəcəkləri barədə məsələnin gündəlikdə olduğunu diqqətə çatdırıb. Səfir Şika şəhərinin merinə və sakinlərinə Azərbaycan idmançılarının təlim-məşq keçmələri ilə bağlı göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib, ölkəmizin müvafiq qurumları ilə şəhər arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.
Səfər çərçivəsində G.İsmayılzadə idmançılarımızın qalacağı otel və məşqlərin keçiriləcəyi idman obyektlərindəki vəziyyətlə tanış olub.
Regionun aparıcı “Chunichi” qəzetində Azərbaycan səfirinin bu səfəri ilə bağlı geniş informasiya dərc olunub.
Qeyd edək ki, İşikava prefekturasının Şika şəhəri 2021-ci ildə keçiriləcək Tokio Olimpiya və Paraolimpiya oyunlarına Azərbaycan güləşçiləri və milli paralimpiya komandasının üzvləri üçün hazırlıq və təlim-məşq toplanışları bazası kimi seçilib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Güləş Federasiyasının nümayəndələri və idmançılarımız bu şəhərə səfər edərək, orada iki həftə məşq ediblər.
AZƏRTAC
Facebook-da paylaş