“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Türkiyə-Azərbaycan dostluğuna aid tədbir keçirilib
“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində növbəti tədbir aprelin 29-da paytaxtın Nizami rayonundakı 10 saylı tam orta məktəbdə keçirilib.
BrendSport.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan və Türkiyə xalqlarının dostluq və qardaşlıq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Məktəbin direktoru Leyla Məmmədova çıxışında belə tədbirlərin şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılmasında önəmini qeyd edib. Türkiyə-Azərbaycanın qardaşlığının ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin əmanəti olduğunu vurğulayan direktor bildirib ki, qardaş ölkənin mədəniyyəti, incəsənəti ölkəmizdə çox sevilir. Tədbirin məqsədi şagirdlərin Türkiyənin tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılmasıdır.
Direktor belə tədbirlərin, həmçinin ölkəmizin idman nailiyyətlərinin eləcə də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının təbliği baxımından da mühüm rol oynadığını deyib.
Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimov Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını vurğulayıb. O deyib ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər turnirlər ölkəmizdə yeniyetmə və gənclərin idmana marağının artırılmasında mühüm rol oynayır. M.Kərimov bu baxımdan iyulun 21-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmini xüsusi vurğulayıb.
Türkiyə səfirliyinin müşaviri İrfan Çiftçi qardaş ölkələrimiz arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında gündən-günə inkişaf etdiyini vurğulayıb. O, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində Azərbaycan və Türkiyə prezidentlərinin rolunu xüsusi qeyd edib. Azərbaycanın idman nailiyyətlərindən və yüksək təşkilatçılıq qabiliyyətindən danışan İ.Çiftçi Bakının Avropa Gənclərinin Yay Olimpiya Festivalına da uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov dövlətimizin başçısı İlham Əliyevin idmana diqqət və qayğı siyasətinin ölkəmizin bütün bölgələrində olduğu kimi, bu rayonda da uğurla həyata keçirildiyini bildirib.
Çıxışlardan sonra şagirdlər Azərbaycan-Türkiyə qardaşlığına aid tamaşalar təqdim ediblər.
Tədbirdə Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramına daxil olan gimnastika, güləş, boks idman növləri üzrə ustad dərsləri keçirilib.
“Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Bu proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.
Facebook-da paylaş