Millimizin baş məşqçisi: "İşimizin çox olduğunu unutmamalıyıq"
“Qazaxıstan yığmasını yaxşı təhlil etmişdik. Yaxşı oyunçulardan ibarət komanda formalaşdırıblar. Ağır oyun alındı. Hər iki komanda meydanda sona qədər mübarizə apardı".
Bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev Qazaxıstanda təşkil olunan “Prezident kuboku”nda yerli komanda ilə oyundan (1:1) sonra deyib.
Gənc çalışdırıcı finala vəsiqəni təmin etdikləri matçı belə şərh edib: "Bizi heç-heçə qane edirdi. Rəqib meydan sahibi olduğunu nəzərə alsaq uşaqlarda əlavə təzyiq var idi. Uşaqlar ilk dəqiqələrdən qələbə qazanmaq üçün meydana çıxdıqlarını rəqibə hiss etdirdilər. Birinci hissədə daha üstün oynasaq da şanssızlıqdan qapımızda qol gördük. Buna baxmayaraq, uşaqlar xarakter nümayiş etdirərək ikinci hissəni də yüksək tempdə keçirdilər. Yekunda lazım olan qolu vurmağı bacardıq.
İşimizin çox olduğunu unutmamalıyıq. Qol epizodlarından istifadə etmək üzərində və müdafiə fazasında daha da etibarlı oyun göstərmək üçün çalışmalıyıq. Qarşıda bizi final oyunu gözləyir, uşaqların tez bir zamanda bərpa olmalarına çalışırıq. Rəqibi analiz edəcəyik. Çalışacağıq finalda da keyfiyyətli oyun sərgiləyək”.
Facebook-da paylaş