Azərbaycan millisinin futzalçısı: “Bu gün 3 yox, 6 xalımız olmalı idi”
“Bu gün hesabımızda 3 yox, 6 xal olmalı idi”.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Hadi Ahmadi DÇ-2024-ün elit mərhələsində keçirdikləri ilk iki oyunun nəticəsi barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
O, qrup mərhələsində Rumıniyaya 1:3 hesabı ilə məğlub olduqları səfər görüşündə qələbə qazana bilməmələrinə üzülür: “Fikirləşirdim ki, həm Rumıniyaya, həm də Niderlanda qalib gələcəyik. Rumıniyaya qarşı pis oynamadıq, mübarizə apardıq. Sadəcə, epizodları qola çevirə bilmədik, əvəzində səhvlər etdik. Niderlandla matçda (6:1) isə səhvləri minimuma endirdik. Ona görə də qələbə qazandıq. Qarşıdakı görüşdə də boşluq verməməli, səhv etməməliyik. Rəqib bunu bağışlamır”.
Hadi Ahmadi məqsədlərinin oktyabrın 6-da Qazaxıstanla Bakıda gerçəkləşəcək matçda qələbə qazanmaq olduğunu vurğulayıb: “Yaxşı hazırlaşırıq. Pis cəhət odur ki, əksər oyunçularımız kollektivə dünən qoşuldular. Niderlandla oyunda qazandığımız qələbənin davamını gətirməyə və uğurlu seriya yaxalamağa çalışacağıq. Qazaxıstana Bakıda qalib gəlsək, üstünlük qazanacağıq. Bütün işlərimizi, çalışmalarımızı bunun üzərində qururuq”.
İki ildir Qazaxıstan çempionatında çıxış edən futzalçı rəqibin oyunçularına yaxşı bələd olduğunu sözlərinə əlavə edib: “Açığı, rəqibin bizdən elə də ciddi üstünlüyü yoxdur. Əsas məqam olaraq qapıçıdan beşinci oyunçu kimi istifadə etmələrini qeyd edərdim. İqita, demək olar ki, oyunun əksər hissəsini meydanın rəqibə aid hissəsində keçirir. Qazaxıstanın oyunu bu səbəbdən daha yaxşı alınır. Başqa üstünlüklərini deyə bilmərəm. Bərabərsəviyyəli iki komandanın dueli olacaq. Birləşsək, yumruq olsaq, istədiyimiz nəticəni qazanacağıq”.
O, qələbə şanslarının az olmadığını düşünür: “Rəqibin heyətində Duqlası fərqləndirərdim. Çox təhlükəli futzalçıdır. Həm qol vurur, həm də dəqiq ötürmələr verir. Tursaqulov da istənilən komandaya başağrı yaradacaq futzalçıdır. Edsonu da onların sırasına qatardım. Hər iki komanda qələbə qazana bilər. Öz oyunumuzu göstərə bilsək, toparlansaq, məşqçilərin dediyini meydanda etsək, üstünlük 60-70 faiz bizdə olacaq”.
Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan qarşılaşması saat 20:00-da başlayacaq.
Facebook-da paylaş