Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məşhur musiqiçi Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gələcək



Paytaxtımızda yeddinci dəfə baş tutacaq Azərbaycan Qran Prisi qısa müddətdə azarkeşlərin sevimli yarışına çevrilərək dünyanın hər yerindən minlərlə ziyarətçini özünə cəlb etmiş və hazırda müasir Formula 1 tarixində təqvimin ən dramatik yarışı olaraq xatırlanır. İstər toqquşmalarla dolu gərgin trek mübarizələri, istərsə də finişə sadəcə bir neçə dövrə qalmış yarış liderlərinin qəzaları olsun – bütün bunlar Bakı yarışını mövsümün ən gözlənilməz F1 yarışı edir.

BrendSport.az
xəbər verir ki, Formula 1 Azərbaycan Qran Prisi bu il də daha bir gözlənilməzi reallaşdıraraq üç illik fasilədən sonra nəhayət ki, azarkeşlərin yarış həftəsi səbirsizliklə gözlədiyi konsert proqramını geri gətirir.

Aprelin 28-dən 30-dək Bakıda keçiriləcək növbəti Formula 1 yarışında elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan niderlandlı DJ, musiqi prodüseri və qlobal fenomen Hardvell çıxış edəcək.
Karyerası boyu bir sıra mükafatlara layiq görülən dünyaşöhrətli sənətçi Bakıda azarkeşlər üçün bol həyəcan və əyləncə vəd edilən F1 həftəsonunda, şənbə günü azarkeşləri salamlayacaq.

Hardvell “Spaceman”, “Apollo” və “Thinking About You” daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir.

O, ilk dəfə 14 yaşında Niderland elektronik rəqs musiqisi səhnəsində çıxış etmiş və sonrakı on il ərzində dünya şöhrəti qazanmağa nail olub. 2013-cü ildə isə iki il ardıcıl olaraq “DJ Magazine” jurnalı tərəfindən dünyanın bir nömrəli DJ-i seçilib.

Musiqi fəaliyyətində “Armin van Buuren”, “Steve Aoki”, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektronik musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifalar nümayiş etdirib. Pop musiqisinin ən məşhur sənətçiləri “Rihanna”, “Calvin Harris”, “Moby” və “U2”, “Coldplay” kimi musiqi qruplarının remikslərini ərsəyə gətirərək dünya musiqi səhnəsində iz qoyub.

“Tomorrowland” və “Ultra Music Festival” daxil olmaqla, dünyanın ən böyük festival və musiqi tədbirlərində əsas sənətçi kimi çıxış edib, yüksək enerjili çıxışları, unudulmaz ritmləri ilə elektronik rəqs musiqisi pərəstişkarlarının rəğbətini qazanıb.

Bundan başqa, 2023-cü ilin əvvəlində Hardvell hollandiyalı rəssam Maddix ilə əməkdaşlıq edərək David Guettanın Benni Benassinin klassik “Satisfaction” mahnısının yenidən səsləndirilməsini öz tərzinə uyğunlaşdıraraq mahnıya yeni nəfəs verib.

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat katibi Turab Teymurov əyləncə proqramı ilə bağlı bildirib: “Dənizkənarı Bulvar ərazisində yerləşən böyük səhnədə təşkil olunacaq əyləncə proqramı çərçivəsində Bakıya təşrif buyuracaq dünyaşöhrətli ulduzu ictimaiyyətə açıqlamaqdan məmnunluq duyuruq. Əminəm ki, pandemiyadan sonra səbirsizliklə gözlənilən konsertlərin yarışın formatına geri dönməsi azarkeşlərin ikiqat sevincinə səbəb olacaq. Biz də öz növbəmizdə doğma paytaxtımıza Formula 1 yarışının yeddinci dəfə gəlişini böyük coşqu ilə qeyd etmək üçün səbirsizlənirik. Növbəti möhtəşəm yarış həftəsonunda DJ Harvellin hitləri azarkeşlərin zövqünü oxşayacaq və onlara daha bir unudulmaz Bakı xatirəsi bəxş edəcək. Biletlərin rekord həddə satıldığı bir vaxtda azarkeşləri indidən onları əldə etməyə və yarış həyəcanını bizimlə birlikdə yaşamağa çağırıram. Bizimlə gözlənilməzə hazır olun!”.

Qeyd edək ki, yarışa üç günlük bilet sahibləri paytaxtın bənzərsiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertə qatıla biləcəklər. Həmin azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq.

Biletlərin sürətlə satıldığı dövrdə artıq Filarmoniya, Sahil və Abşeron “B” sektoru tribunalarında olan yerlərin hamısı tutulub. Bununla da qalan tribuna biletlərinin yarısından çoxu satılıb. Vaxt itirmədən unudulmaz yarış həftəsonunu qaçırmaq istəməyən F1 azarkeşləri biletləri BŞH-nin rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya aşağıda qeyd olunan satış nöqtələrindən əldə edə bilərlər.
Sürət həvəskarları əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilər.

Xatırladaq ki, Bakı bu il ilk dəfə olaraq F1 azarkeşlərinin sevimlisi olan “Sprint” yarışına ev sahibliyi edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş