Rusiyalı Anna Şerbakova “Pekin-2022”nin fiqurlu konkisürənlərin fərdi yarışının qalibi olub
Rusiyalı fiqurlu konkisürən Anna Şerbakova “Pekin-2022” Qış Olimpiya Oyunlarında qadın idmançıların fərdi yarışının qalibi olub.
BrendSport.az xəbər verir ki, fevralın 17-də qadın fiqurlu konkisürənlər sərbəst proqram üzrə yarışıblar. Hakimlər Rusiya Olimpiya Komitəsini təmsil edən Anna Şerbakovanın çıxışını 175,75 xalla qiymətləndiriblər. O, fevralın 15-də keçirilmiş qısa proqramında da 80,2 xal qazanmışdı. Beləliklə, 17 yaşlı Anna Şerbakova iki proqramın cəmində 255,95 xalla Olimpiya çempionu olub. İkinci yeri Rusiya Olimpiya Komitəsinin digər idmançısı Aleksandra Trusova (251,73 xal), üçüncü yeri isə yaponiyalı Kaori Sakamoto (233,13 xal) tutublar.
İdmanın bu növündə Azərbaycanı təmsil edən Yekaterina Ryabova 179,97 xalla yarışı 15-ci sırada bitirib.
Medal sıralamasına Norveç komandası liderlik edir. Bu ölkənin aktivində 14 qızıl, 7 gümüş və 8 bürünc medal var. İkinci yerdə 10 qızıl, 7 gümüş və 5 bürünc medalla Almaniya, üçüncü yerdə isə 8 qızıl, 8 gümüş və 5 bürünc medalla ABŞ komandası qərarlaşıb. Olimpiadada atletlər ümumilikdə 109 dəst medal uğrunda mübarizə aparırlar. Fevralın 17-də 6 dəst medal, indiyədək isə ümumilikdə 92 dəst medal qazanılıb.
“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.
Facebook-da paylaş