Bolqarıstanlı idmançı: “Velosiped sürərkən ətrafa baxdım, Azərbaycana heyran qaldım”
“Velosiped sürərkən ətrafa baxdım, Azərbaycana heyran qaldım”.
BrendSport.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi Martin Papanov mətbuat konfransında deyib.
Veloparkdan 150 km məsafə qət edərək Şamaxıdakı finiş xəttinə hamıdan birinci çatan Bolqarıstan millisinin üzvü sevincini bölüşüb: “Burada olduğum üçün çox xoşbəxtəm. Əvvəlcə 40 km məsafəni küləkdə getdik. Bu uğuruma görə komandama təşəkkür edirəm. Onlarsız bu gün birinci yeri tutmağım qeyri-mümkün olardı. Sabah da bizi çətin yarış gözləyir. Sarı köynəyin məndə qalması üçün əlimdən gələni edəcəyəm”.
Konfransda çıxış edən yarışın direktoru Roland Hofer ilk mərhələnin maraqlı alındığını söyləyib: “Mərhələnin başlanğıcında velosipedçilər bir neçə qrupa ayrıldılar. Düşünürəm ki, qalib gələn Martin Papanov üçün çox uğurlu gün oldu. Təəssüfləndirici hal odur ki, bir neçə velosipedçi finişə çata bilmədi. Onlar üçün turnir başa çatdı. Artıq iki komanda yarışda mübarizəni dayandırdı”.
Qeyd edək ki, velosipedçilər iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.
Facebook-da paylaş