Nazir Fərid Qayıbovun gənclərlə görüşü
Gənclər və idman naziri Fərid Qayıbov İsmayıllı şəhərində Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonaları rayonlarının fəal gəncləri ilə görüş keçirib.
BrendSport.az saytı xəbər verir ki, əvvəlcə İsmayıllı Olimpiya İdman Kompleksində təşkil edilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə regional Azərbaycan Kubokunun açılışında iştirak edib, şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşüb.
İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində keçirilən toplantıda İsmayıllı, Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Şamaxı, Oğuz, Qobustan və Ağsu rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə Fərid Qayıbov nazirliyin gənclərlə iş sahəsində planları barədə danışaraq, nazirliyin yaxın vaxtlarda informasiya texnologiyaları, gənclərin peşə seçiminə dəstək və digər aktual məsələlərlə bağlı həyata keçirəcəyi layihələr barədə məlumat verib.
Sonra gənclər və idman naziri hər rayonda gənclərlə iş sahəsində görülən işlər barədə məlumatları ayrı-ayrılıqda dinləyib.
Gənclərin ictimai fəallığının daha da artırılması, region gənclərinin beynəlxalq tədbirlərdə aktiv təmsil olunması, zərərli vərdişlərdən qorunması, onların idman qurğularından istifadəsi, asudə vaxtın səmərəli təşkili, düzgün peşə seçiminə dəstək, məşğulluğu və digər məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov, Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev və “Yüksəliş” layihəsinin qalibi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”ndə Regionların İnkişaf Departamentinin direktoru Ramtiq Alızadə iştirak ediblər.
Facebook-da paylaş