Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çingiz Hüseynzadə: Ən böyük hədəfimiz “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir

Çingiz Hüseynzadə: Ən böyük hədəfimiz “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir


Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) səkkizinci hesabat-seçki Baş Məclisini keçirdik. Əslində, bu iclas ötən il keçirilməli idi. Bildiyiniz kimi, bu tədbiri hər Yay Olimpiya Oyunlarından sonra keçirirdik. Lakin pandemiya ilə əlaqədar həm Olimpiya Oyunları, həm də hesabat tədbirimiz təxirə salındı. Bugünkü tədbirdə Milli Olimpiya Komitəsinin ötən beş ildəki fəaliyyəti barədə hesabat verildi.

BrendSport.az
saytı xəbər verir ki, bu sözləri yenidən MOK-un vitse-prezidenti seçilən Çingiz Hüseynzadə dekabrın 16-da jurnalistlərə müsahibəsində deyib.
Pandemiya ilə əlaqədar iclasın onlayn formatda təşkil olunduğunu deyən Ç.Hüseynzadə tədbirə MOK-un 112 səlahiyyətli nümayəndəsindən 105-nin qoşulduğunu deyib. Bildirib ki, hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq qəbul olundu, yeni seçkilər keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Həmçinin İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdi. İcraiyyə Komitəsinin işinin səmərəli olması üçün mövcud say tərkibi bir qədər azaldıldı və üzvlərin sayı 17-dən 11-ə endirildi. Baş Məclisdə həm də Təftiş Komissiyasının hesabatı təqdim edildi. Həm İcraiyyə Komitəsinə, həm də Təftiş Komissiyasına yeni üzvlər seçildi.
“Baş Məclisdən sonra İcraiyyə Komitəsinin ilk iclası oldu. MOK-un Nizamnaməsinə əsasən, Komitənin vitse-prezidentləri və baş katibi müəyyənləşdi. Fərid Qayıbov və Zemfira Meftaxətdinova vitse-prezident seçildilər. Mənə yenidən etimad göstərildi və vitse-prezident kimi fəaliyyətimi davam etdirəcəyəm. Azər Əliyev isə baş katib təyin olundu. İcraiyyə Komitəsinin əvvəlki üzvlərinə - Mehriban xanım Əliyevaya, Zərifə xanım Salahovaya, Rəfiqə xanım Şabanovaya və Ağacan Abiyevə böyük əməklərinə və səmərəli fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm”, - deyə vitse-prezident əlavə edib.
Ən böyük hədəfin “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış etmək olduğunu deyən Ç.Hüseynzadə bildirib: “Yarışa üç ildən də az vaxt qalıb. Hazırlıq dövrü başlamalıdır. MOK yeni heyətlə növbəti Olimpiya Oyunlarının hazırlığına start verəcək. Eyni zamanda, Gənclər və İdman Nazirliyi ilə birgə hazırlıq proqramı tərtib olunacaq. Pandemiya bizə mane olmasa, Paris Yay Olimpiya Oyunlarına yaxşı hazırlaşa bilərik. Bütün tədbirlərdə - Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin tədbirlərində iştirak etməyi planlaşdırırıq. Mötəbər turnirlərdə – gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunlarında, 2023-cü ildə təşkil olunacaq Avropa Oyunlarında, gənclər arasında Olimpiya festivallarında və digər nüfuzlu yarışlarda fəal iştirak etməliyik. Ümid edirəm ki, yeni uğurlar qazanacağıq”.


Facebook-da paylaş

Xəbəri paylaş