Fərid Qayıbov: "Həqiqi emosiyalar ayı - bu isti iyulu təsvir etmək üçün ən yaxşı ifadədir"
Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov Olimpiada ilə bağlı təəssüratlarını bölüşüb.
BrendSport.az xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun saytında ənənəvi "Prezidentin qeydləri" rubrikasında Paris-2024 Yay Olimpiya Oyunları və digər tədbirlərdən yazıb.
"Həqiqi emosiyalar ayı - bu isti iyulu təsvir etmək üçün ən yaxşı ifadədir. Olimpiya məşəli ilə işıqlandırılan Paris, nəhayət, dünya idman ulduzlarının çıxışlarını nümayiş etdirmək üçün pərdəni qaldırdı...
...Bəli, nəhayət, idmançıların və məşqçilərin seçmə yarışlarda iştirak edib, Parisə yollanmaq arzusu çox uzun çəkdi, hətta bu dövr 3 ili əhatə etsə belə", - deyə Qayıbov vurğulayıb.
O, gimnastika növləri arasında ilk olaraq idman gimnastlarının mübarizə start verdiyini bildirib.
"İstənilən idman tədbirinin gözəlliyi ondan ibarətdir ki, böyük azarkeş kütləsin öz sevimli idman növünü dəstəkləmək üçün toplaşır. Simona Baylz (ABŞ), Nina Derval (Belçika), Elefterius Petrunias (Yunanıstan) və Maks Uitlok (Böyük Britaniya) kimi 13 Olimpiya çempionunun çıxışını izləmək üçün bilet tapmaq həyəcanı çox şey deməkdir. Azarkeşlərin arasında məşhurlar da görünürdü. Bu, idman intizamımız üçün çox yaxşıdır. Ümid edirəm ki, dünya və Avropa çempionatlarımızda məşhurların iştirakı davam edəcək və bu, gimnastikanın populyarlığının daha da artmasına töhfə verəcək.
İdmançılara nümayiş etdirdikləri möhtəşəm gimnastika şousuna görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Təsnifat mərhələsində həyəcan final təsiri bağışlayırdı. Qadınların idman gimnastikasında komanda yarışları son dərəcə maraqlı keçdi. ABŞ-ı təqib edən İtaliya 96 ildən sonra gümüş medala sahib olub. Kişilər arasında çoxnövçülük yarışı da fərqlənib. Oka Şinosuke (Yaponiya) Oyunlarda debüt edərək Olimpiya çempionu oldu. İrlandiya üçün tarix, üçqat Avropa çempionu Rike Makklenaqan idman atında əla çıxışla Olimpiya tituluna yiyələndi. Alis D Amato tirdə ölkəsinə Olimpiada qızılı qazandırdı", - deyə Avropa Gimnastikasının rəhbəri deyib.
O, batut yarışlarından da danışıb: "Mən dolu zalı görməkdən məmnun oldum. Qadınların yarışının favoritlərindən biri olan Brioni Peyc (Böyük Britaniya) Parisdə qızıl qazanaraq əvvəlki Olimpiya medalları dəstini tamamladı. İvan Litvinoviç (AIN) Parisdə Olimpiya titulunu qoruyub saxlaya bildi. Həm təsnifat, həm də final yarışları bir nəfəsdə keçdi".
Qayıbovun sözlərinə görə, çoxnövçülük yarışları digər idman növlərinin çıxışlarını görmək, həmkarlarla görüşmək, ünsiyyətdə olmaq və fikir mübadiləsi aparmaq, digər idman növlərində yenilikləri görmək və bu yeniliklərin tətbiq ediləcəyi təqdirdə gimnastikaya təsirini müzakirə etmək üçün gözəl imkan yaradır.
"Bütün həmkarlarımı, Milli Olimpiya Komitələrinin və gimnastika federasiyalarının prezidentlərini görəndə çox sevindim. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvləri isə iyulun 30-dan avqustun 1-dək keçirilmiş növbəti iclasının gündəliyini bir daha müzakirə ediblər. Növbəti tsikl üçün Dünya kuboku və Çağırış Kubokları seriyası paylanıb, bədii gimnastika üzrə xüsusi hakimlik qaydalarına dəyişikliklər təklif edilib və Qaydalar Məcəlləsinə Əlavə təsdiq olunub.
Olimpiya həyəcanı davam edir. Bədii gimnastikanın Paris Oyunlarında startı səbirsizliklə gözlənilir. Hər kəsə maraqlı Olimpiya Oyunlarının qalan günlərindən tam zövq almağı arzulayıram", - deyə Qayıbov yekunlaşdırıb.
Facebook-da paylaş