Nazir federasiya nümayəndələri ilə regionlarda keçirilən turnirlər barədə fikir mübadiləsi aparıb
Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüşü keçirilib.
BrendSport.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan tədbirdə F.Qayıbov son iki ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb. Ənənəyə uyğun olaraq hər iki aydan bir keçirilən görüş ikinci dəfə paytaxtdan kənarda təşkil edilib.
Fərid Qayıbov qeyd edib ki, görüşlərin Olimpiya İdman komplekslərində keçirilməsi həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalıdır.
İclasın gündəliyinə əsasən, 2024-cü il üçün “Ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament”ə uyğun olaraq nümunəvi əsasnamə haqqında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları haqqında təqdimat dinlənilib.
Görüşdə, həmçinin federasiyaların Mərkəzləşdirilmiş Reyestr sistemində cari vəziyyəti və tibbi məsələlər, regionlarda keçirilən turnirlər, "Paris-2024" Yay Olimpiya Oyunlarına hazırlıq və digər mövzularda fikir mübadiləsi aparılıb, idman federasiyalarının sosial media fəaliyyətləri haqqında məlumat verilib.
Facebook-da paylaş