Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu keçirilib
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “Elm və innovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu keçirilib.
BrendSport.az saytının Gənclər şobəsi xəbər verir ki, tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, onların elm sahəsində aparıcı mövqe tutmalarına kömək etmək, həmçinin elmi araşdırmaların və sərbəst məqalə yazmağın əsaslarını öyrətmək məqsədilə keçirilmiş forumda ali təhsil müəssisələrinin təbiət elmləri ixtisaslarında bakalavr və magistratura səviyyələrində təhsil alan 80 tələbə iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan forumda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı Rəsul Həşimov ölkəmizdə tələbələr üçün yaradılan bir çox təhsil imkanlarından bəhs edib.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova forumun elm sahəsindəki gələcək liderləri bir araya toplamaq, həmçinin tələbələri öyrətmək və həvəsləndirmək məqsədilə təşkil edilməsindən danışıb.
Sonra Milli Onkologiya Mərkəzinin Molekulyar onkologiya laboratoriyasının müdiri Leylaxanım Məlikova, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, Psixi alqoritmlər nəzəriyyəsinin müəllifi, klinik psixoloq Rövşən Nəzərli, Eksperimental psixoloji laboratoriyanın direktoru Fidan Qənbərli, Milli Onkologiya Mərkəzinin həkimi Səbinə Mehdizadə, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, ADA Universitetinin müəllimi, sosial tədqiqatçı İnqilab Şahbazov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin baş layihə meneceri Camal Ağayev, “Zəhra kosmosda” platformasının təsisçisi Zəhra İmanova, ADMİU-nun Keyfiyyətin təminatı və strateji planlaşdırma şöbəsinin müdir müavini Elçin Cəfərov və Corc Vaşinqton Universitetinin doktorantı Sani Salehin iştirakı ilə panel sessiyalar keçirilib.
“Yeni nəsil elmdə səyahət”, “Məqalə yazmaq sənəti”, “İnnovasiya və gələcəyə yönəlik həllər” mövzularında keçirilmiş panel sessiyaların sonunda forum iştirakçılarının sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.
Qeyd edək ki, forum çərçivəsində elm və innovasiya sahəsində geniş spektrdəki tədqiqatları və ideyaları özündə əks etdirən 9 poster təqdimat sərgilənib və spikerlər tərəfindən dəyərləndirilib.
Facebook-da paylaş