52-ci medal
Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 3-cü medalı qazanıb.
BrendSport.az xəbər verir ki, bu uğura Qaşım Maqomedov imza atıb.
58 kq çəkidə çıxış edən taekvondoçumuz finala qədər bütün rəqiblərinə qalib gəlib. Zədə səbəbindən həlledici görüşü başa vura bilməyən idmançımız gümüş mükafata sahib çıxıb. Bu, Paris-2024-də hesabında 2 qızıl olan millimizin ilk ikinciliyi olub.
Qaşımın medalı Olimpiadalar tarixinə Azərbaycan idmançılarının əldə etdiyi 52-ci mükafat kimi düşüb. Debütü Atlanta-1996-da gerçəkləşən yığmamız 8-ci Oyunlarında bu rəqəmə çatıb. 9 qızıl və 28 bürüncü olan millimiz yubiley – 15-ci gümüşü əldə edib.
Qeyd edək ki, bunadək cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb. Bundan başqa, boks yarışlarında finala yüksələn Alfonso Dominqes (92 kq) qızıl və ya gümüş mükafat əldə edəcək. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə sabah bürünc uğrunda qarşılaşmaya çıxacaq.
Facebook-da paylaş