Qadınlar arasında futbol üzrə dünya çempionatında neçə komanda iştirak edəcək
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino bildirib ki, qadınlar arasında dünya çempionatında iştirak edəcək komandaların sayını artıraraq 24-dən 32-yə çatdırmaq planlaşdırılır.
BrendSport.az AP agentliyinə istinadla xəbər verir ki, əgər bu planı 2023-cü il çempionatına qədər həyata keçirmək nəzərdə tutulursa, onda FIFA həmin turnirə ev sahibliyi edəcək ölkənin seçilməsi üçün müraciətləri yenidən qəbul etməyə başlamalıdır. Hazırda Federasiyaya 9 ölkədən müraciət daxil olub: Argentina, Avstraliya, Boliviya, Braziliya, Kolumbiya, Yeni Zelandiya, Cənubi Koreya, Cənubi Afrika Respublikası və Yaponiya.
Turnirin ev sahibinin seçilməsi üçün səsvermə əvvəlcə 2020-ci ilin mart ayına təyin edilmişdi, lakin FIFA Şurası bu məsələnin həllini bir qədər sonraya keçirə bilər.
İnfantino onu da bildirib ki, qadınlar arasında dünya birinciliyinin mükafat fondu artırılaraq indiki 30 milyon dollardan 60 milyon dollara çatdırılacaq.
Bundan əvvəl FIFA kişilər arasında dünya birinciliyində iştirak edən komandaların sayının 2026-cı ilədək 32-dən 48-ə çatdırılacağını elan edib. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Facebook-da paylaş