Nevada Atletika Komissiyası Nurmaqomedovun işi üzrə qərarı yanvarın 29-dək təxirə salıb
ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) Qarışıq Döyüş Növləri (MMA) üzrə Rusiya idmançısı Həbib Nurmaqomedovu təmsil edən hüquqşünasların “UFC 229” turnirində dava barəsində işə baxılmasının başqa günə keçirilməsi barədə sorğusunu təmin edib. Bu barədə məlumatı “MMA Fighting” portalı Atletika Komissiyasının icraçı direktoru Bob Bennettə istinadla yayıb.
Bennetin sözlərinə görə, Nurmaqomedova və irlandiyalı Konor Makqreqora dair qərar, çox güman ki, yanvarın 29-da iclasda qəbul ediləcək.
BrendSpor.az xəbər verir ki, Nurmaqomedov oktyabrın 7-də Makqreqorla döyüşün dördüncü raundunda boğucu fəndlə onu məğlubiyyətə uğradaraq yüngül çəkidə UFC çempionu kəmərini qoruyub. Görüş başa çatandan sonra rusiyalı tamaşaçı zalında kütləvi qovğa yaradıb. Hər iki döyüşçü dekabrın 10-dək kənarlaşdırılıb. Dekabrın 6-da məlum olub ki, Makqreqor onun işinə baxılmasını təxirə salmağı xahiş edib. NSAC onun bu sorğusunu təmin edib. Elə həmin gün Nurmaqomedovun vəkilləri işə baxılması vaxtının komissiyanın növbəti iclasına keçirilməsini istəyiblər.
Makqreqor qarışıq döyüş növləri üzrə keçirdiyi 25 döyüşün 21-də, o cümlədən 18-də vaxtından əvvəl qalib gəlib, üçünü uduzub. İrlandiyalı UFC tarixində eyni vaxtda müxtəlif çəki dərəcələrində (yarımyüngül və yüngül) iki titula sahib olan ilk döyüşçüdür.
Facebook-da paylaş