Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Zemfira Meftaxetdinova: İdmançılarımız daha böyük qələbələr qazanmaq əzmindədirlər



Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçiləri 2018-ci ildə yerli və beynəlxalq yarışlarda 253 medal qazanıblar


Ölkəmizdə idmanın geniş vüsət almasında, onun kütləviliyinin təmin olunmasında idman klub və cəmiyyətlərinin böyük rolu var. Bu baxımdan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Daxili işlər orqanlarında idmanın inkişafına xüsusi diqqət göstərilməsi bu sahədə böyük nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaradır. Dünya miqyaslı yarışlarda qurumun əməkdaşları böyük nailiyyətlər qazanmaqla Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.

BrendSport.az xəbər veriri ki, DİN İdman Cəmiyyətinin sədri, Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova AZƏRTAC-a məxsusi müsahibəsində 2018-ci ilin idman təşkilatı üçün də böyük uğurlarla yadda qaldığını bildirib. Qeyd edib ki, DİN rəhbərliyi tərəfindən İdman Cəmiyyətinə, həmçinin idmançı əməkdaşlara göstərilən yüksək diqqət və qayğı böyük uğurların əldə edilməsi üçün əsaslı zəmin yaradır.

Ötən il güləş, cüdo, boks, taekvondo, karate, kikboksinq üzrə böyük nailiyyətlər əldə edilib

Zemfira Meftaxetdinova 2018-ci ildə İdman Cəmiyyətinin təmsilçilərinin ölkə və beynəlxalq yarışlarda böyük uğurlar əldə etdiklərini bildirib: “Ötən il DİN İdman Cəmiyyəti tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 253 medal qazanılıb. Onların 104-ü qızıl, 62-si gümüş, 87-si bürüncdür. Yeniyetmələrdən ibarət komanda 67, gənclər yığması 59 medal qazanıb. Qalan 127 medal isə böyüklərin payına düşür. Mükafatlardan 82-si beynəlxalq, 171-i isə respublika birinciliyi və çempionatlarında əldə edilib. Onlardan 30-u ölkənin milli komandalarının tərkibində Avropa və dünya çempionatlarında əldə olunub”.

Bildirib ki, ölkəmizdə böyük ənənələrə malik olan Olimpiya növlərindən sərbəst, yunan-Roma güləşi, cüdo, boks və taekvondo İdman Cəmiyyətində əsas növlər sayılır. Bunların arasında boks üzrə qazanılan nailiyyətlərə diqqət çəkən Cəmiyyətin sədri Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələrin Avropa birinciliyində Əli Zamanovun (48 kq) və Murad Allahverdiyevin (80 kq) çempion olmalarını xüsusi vurğulayıb. Dağıstanın Kaspiyski şəhərində XX beynəlxalq turnirdə Sürət Qarayev (91 kq), Gülhüseyn Ağazadə (91 kq), Fərid İbrahimlinin (+91 kq) bürünc, Kutaisidə beynəlxalq turnirdə Nəbi İsgəndərovun (60 kq) qızıl, Cahid Qurbanovun (75 kq) gümüş, Axmeta şəhərində təşkil olunan yarışda isə Abdulla Sadıqovun (55 kq) bürünc medala sahib olduqları diqqətə çatdırılıb.

Ötən il cüdoçuların əldə etdikləri nailiyyətlərdən danışan Zemfira Meftaxetdinova vurğulayıb ki, iyunda Qlazqoda veteranlar arasında Avropa çempionatında ölkə millisinin tərkibində mayor Emil Hüseynovun, polis kapitanı Hikmət Cəbiyevin, polis baş serjantı Azər Fətullayevin iştirakçılar arasında ümumi komanda hesabında bürünc, Azər Fətullayevin isə 30-35 yaşlı cüdoçular arasında şəxsi yarışlarda qızıl medal qazanıblar. Gürcüstanda beynəlxalq turnirdə Tofiq Hüseynov (42 kq) ikinci, Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində isə Rəşad Yelkiyev (60 kq) bürünc medala layiq görülüblər.

Güləş üzrə Cəmiyyətin yığma komandasının beynəlxalq yarışlarda fərqləndiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Cəmiyyətin təmsilçisi Eldəniz Əzizli (55 kq) yunan-Roma güləşi üzrə dünya və Avropa çempionluğunu qazanmaqla böyük qələbəyə imza atıb. Buxarestdə dünya birinciliyində sərbəst güləş üzrə Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. O, daha sonra İstanbulda beynəlxalq turnirdə də ikinci olub. Həmin turnirdə qızlardan Səbirə Əliyeva (76 kq) isə yığmanın aktivinə bürünc medal yazdırıb. İyunda İstanbulda sərbəst güləşçi Kamran Məmmədov (67 kq) üçüncü yeri tutub.

Karate üzrə nailiyyətlər sırasında Soçidə Avropa birinciliyində Hüseyn Əliyev (67 kq) qızıl, Xorvatiyada dünya kubokunda bürünc medal əldə ediblər. Taekvondo üzrə Ukraynada keçirilən beynəlxalq turnirdə Fəridə Əzizova (73 kq) qalib gəlib. Sloveniyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatında Ramal Aslanov (71 kq) gümüş, Ruslan Mirzəyev (63,5 kq), Anar Məmmədov (54 kq), Hikmət Hacıyev (+94 kq) bürünc medallar qazanıblar.

İdman Cəmiyyətinin təşkil etdiyi yarışlarda 800-dək atlet iştirak edib

Zemfira Meftaxetdinova bildirib ki, ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Polisinin yaranmasının 100 illik yubileylərinə, dövlət bayramlarına həsr olunmuş, həmçinin idmanın kütləviliyinin təmin edilməsi məqsədilə keçirilən yarışlara 800-dək idmançı qatılıb. Yarışlarda fərqlənmiş idmançılardan 35 nəfəri I dərəcə normativlərini doldurub. Elşən İbişov və Anar Hümbətov isə idman ustası adına layiq görülüblər. Cəmiyyətin dörd əməkdaşı - “Fəxri bədən tərbiyəsi və idman işçisi”, bir nəfər “Əməkdar məşqçi”, bir nəfər isə “Əməkdar idman ustası” fəxri adlarına layiq görülüblər. İdmançılardan iki nəfərə - Azərbaycan Respublikası Prezidenti tərəfindən yeni mənzillərin orderləri təqdim olunub. Ölkəmizdə idmanın inkişafı sahəsində göstərdikləri xidmətə görə əməkdaşların dövlət tərəfindən yüksək mükafatlara layiq görülməsi onları gələcəkdə daha böyük uğurlar qazanmağa həvəsləndirir.

Olimpiya çempionu İdman Cəmiyyətinin Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərləri üzrə regional qurumlarında idmanın 17 növü üzrə bölmələrin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, cüdo, boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, bədii gimnastika, stend atıcılığı, güllə atıcılığı, atletika, atçılıq, karate, əlbəyaxa döyüş, kikboksinq, ciu-citsu, aykido, akrobatika, uşu-sanda üzrə idman bölmələrində 500 nəfərə yaxın yeniyetmə və gənc məşğul olur. “Müxtəlif idman növlərinin sirlərinə yiyələnən yüzlərlə yeniyetmə və gənc gələcəkdə daha böyük nailiyyətlər qazanmaq üçün öz üzərlərində səylə çalışırlar. Beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən, adı ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmış, əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançılarımız kimi onlar da daha böyük qələbələrə imza atmaq arzusundadırlar”, - deyə Zemfira Meftaxetdinova bildirib.











Facebook-da paylaş