Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılarımız Vətənə qayıdıblar



Batumidə keçirilən komandalar arasında şahmat üzrə Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisinin üzvləri noyabrın 3-də Vətənə qayıdıblar.

BrendSport.az xəbər verir ki, şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında qazanılan bürünc medalı ölkə idmanının böyük uğuru kimi qiymətləndirib: “Qadın şahmatçılar əzmkarlıq və ustalıq göstərdilər. Son turda Ermənistan komandası üzərində parlaq qələbə bürünc medal qazanmağımızda həlledici rol oynadı. Milli gümüş medal da qazanmağa yaxın idi. Sadəcə sonda üçüncü yerlə kifayətlənməli olduq. Ümumilikdə zərif cinsin nümayəndələrindən razıyıq. Qızlarımız sözün əsl mənasında ölkə şahmatı tarixində yeni səhifə açdılar”.

Avropa çempionatında son turda Ermənistanla görüşdə birinci lövhədə qələbə qazanan Günay Məmmədzadə bürünc medalı karyerasının önəmli nəticəsi adlandırıb: “Karyeramda önəmli nəticədir. Bu uğurun qazanılmasında komandamızın hər bir üzvünün rolu var. Federasiyanın qayğısı və məşqçilərin zəhmətini qeyd etməliyəm. Son turda hər bir şahmatçının mühüm tapşırığı var idi. Gecə saatlarına qədər hazırlaşmışdıq. Mən qələbə qazanandan sonra komanda yoldaşlarım mütləq bərabər vəziyyəti qorumalı idi. Sonda qazandığımız qələbə yığmamıza Avropa çempionatında üçüncü yeri təmin etdi”.

Avropa çempionatının bürünc medalçısı Türkan Məmmədyarova Batumidəki uğurun gələcək karyerasına təsirsiz ötüşməyəcəyini bildirib: “Həmişə kişi komandasından uğur gözləyirlər. Bundan sonra hər iki komandamıza inam olacaq. Ümumiyyətlə, biz həmişə iddialı olmağa çalışmışıq. Son illər göstərdiyimiz nəticə medala yaxın olduğumuzu göstərirdi. Həmişə əmsallara görə 3-5, 3-6-cı yerləri tuturduq, medalın bir addımlığında dayanırdıq. İndi bürünc medala layiq görüldük”.

Milli komandanın şahmatçısı Gülnar Məmmədova həyəcanlı olduğunu söyləyib: "Dəstəyə görə hamıya təşəkkür edirik. Bürünc medal barədə danışmaq asan deyil. Komanda yarışlarında bir yumruq kimi mübarizə aparmaq lazımdır. Bu dəfə millimiz birləşərək bütün oyunlarda maksimum gücünü ortaya qoydu. Bürünc medal qarşıdakı uğurların başlanğıcıdır".

Batumidə milliyə dəstək olan Zeynəb Məmmədyarova qadın şahmatçılara gələcəkdə də dəstək olmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün hazırlıq planı tərtib olunmalıdır.

Xatırladaq ki, Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq bürünc medal qazanıblar. Bununla da Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.

Azərbaycan şahmatında son aylar böyük uğurlar əldə edilib. Qrossmeysterimiz Teymur Rəcəbov dünya kubokunun sahibi olub. On dörd yaşlılar arasında təmsilçimiz Aydın Süleymanlı dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.


Facebook-da paylaş