Azərbaycan çempionuna iki rəqib
Futzal üzrə UEFA kubokunun ilkin mərhələsinə yekun vurulub. BrendSport.az-ın apasport.az-a istinadən məlumatına görə, bununla da əsas mərhələyə vəsiqə qazanan 8 komanda müəyyənləşib.
Yarışa əsas raunddan başlayacaq Azərbaycan çempionu “Araz”ın da rəqibləri bəlli olub. Naxçıvan klubunun iki rəqibi ilkin mərhələdən gəlib.
Rumıniyada baş tutacaq 8-ci qrupun oyunlarında yerli “Deva” və “Araz”la yanaşı, “Luksol Sent Endryu” (Malta) və “Mostar” (Bosniya və Herseqovina) da çıxış edəcək. Bu komandalar ilkin mərhələdə öz qrupunun qalibi olub.
“Mostar” E qrupunda bütün görüşlərdə qalib gəlib. Onlar 32 top vurub, 6-nı buraxmaqla buna nail olub.
Püşkə görə “Araz”la eyni qrupda E qrupunun da qalibi oynamalı idi. Lakin bu qrupda Ermənistan “Leo Futzal”ı 1-ci yeri tutub. Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarına imkan verməyən UEFA bu üzdən dəyişiklik edib.
“Leo Futzal” 5-ci qrupa göndərilib. Əvəzində Malta çempionu Naxçıvan klubuna rəqib olub. C qrupunda 1-ci olan “Luksol Sent-Endryu” 20 qol vurub, 6-nı buraxmaqla 3 qələbə qazanıb.
Qeyd edək ki, əsas raundun oyunları oktyabrın 10-15-də keçiriləcək. “Araz”ın qrupu B yolunda olduğundan yalnız 1-ci yerin sahibi elit-raunda vəsiqə qazanacaq.
Facebook-da paylaş