Rafael Ağayev: Qarşıdakı yarışlarda yalnız qızıl medal uğrunda mübarizə aparacağam
Bu il bir sıra nüfuzlu turnirlərdə iştirak etmişəm. Onların biri istisna olmaqla hamısından medalla qayıtmışam. Yalnız bir turnirdə medal qazana bilmədim. A seriyası turnirinin İstanbul mərhələsində bir-birinin ardınca iki döyüşdə aldığım zədələr səbəbindən beşinci döyüşü yarımçıq qoydum. Artıq bərpa prosesi başa çatıb. Qarşıda bizi Karate 1 Premyer Liqa turnirləri gözləyir. Sentyabrın birinci yarısında Tokioda keçiriləcək Premyer Liqa turnirinə tam hazır olmasam da, düşünürəm ki, oktyabr-noyabr aylarında Moskva və Madriddə keçiriləcək Premyer Liqa turnirlərində potensialımdan maksimum istifadə edə biləcəyəm.
BrendSport.az xəbər verir ki, bu sözləri dəfələrlə dünya və Avropa çempionu olan karateçi Rafael Ağayev AZƏRTAC-a müsahibəsində deyib.
İdmançı gələn ilin karateçilər üçün xüsusilə çətin keçəcəyini bildirərək deyib: “2020-ci il karateçilərimiz üçün xüsusilə çətin keçəcək. 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına qədər idmançılarımız özlərini dünya çempionatında, daha sonra Bakıda keçiriləcək Avropa çempionatında sınayacaqlar. Bu yarışların hər birində qızıl medal üçün mübarizə aparacağam”.
Facebook-da paylaş