Aynur Sofiyeva: İstənilən sahədə qazanılan uğurlarda qadınların rolu danılmazdır
Bakıda “Gücümüz cəsarətimizdədir!” adlı aksiya təşkil olunub.
BrendSport.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkilidir.
Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən yürüşlə başlayan aksiyanın rəsmi açılış mərasimi keçirilib.
İlk növbədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva idmançıları, media nümayəndələrini və aksiya iştirakçılarını salamlayıb, Azərbaycan qadınının hər sahədə böyük nailiyyətlərə imza atdığını bildirib: "İstənilən sahədə qazanılan uğurlarda qadınların rolu danılmazdır. Bu gücün arxasında əzm, zəhmət və cəsarət dayanır. Bizim əsas məqsədimiz bu uğurların davamını gətirməkdə qızlarımıza dəstək olmaqdır. Bunun üçün də silsilə tədbirlər keçirməyi planlaşdırırıq. Uğura imza atan qızlarımızı cəmiyyətə təqdim etmək istəyirik. Bu xanımlar Azərbaycan idmanının inciləridir. Onlar bayrağımızı ən yüksəkdə dalğalandırıblar, nüfuzlu turnirlərin qalibi olublar. Qadınlarımıza məsləhətim odur ki, dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etsinlər".
Daha sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov ölkədə qızlar üçün könüllü təşkilatların fəaliyyət göstərdiyini vurğulayıb: "Üç minə yaxın gənc asudə vaxtını bu idman təşkilatlarında keçirir. Bu da onu göstərir ki, gənc qızlarımızın idman sahəsində inkişafına xüsusi diqqət yetiririk. Qızlarımızın uğurları kifayət qədər çoxdur. Bu nailiyyətlərin davamı üçün belə tədbirlər müntəzəm olaraq davam etdirilməlidir. Ümid edirəm ki, səylərimiz nəticəsində qızlarımız bundan sonra da təşkil edilən yarışlarda ən yüksək zirvəni tutacaqlar".
Ardınca 6 idman növü üzrə (cüdo, karate, gimnastika, basketbol, şahmat, futbol) federasiyaların təlimçi və idmançılarının ustad dərsləri baş tutub.
Aksiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı və idman federasiyalarının dəstəyi ilə keçirilib.
Facebook-da paylaş