Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib


Dekabrın 2-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2024-2025-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 800-dən çox şagird qatılıb.

BrendSport.az sayıtının Gənclər şöbəsi
xəbər verir ki, tədbiri açan MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçiy bu ali təhsil müəssisəsinin Rusiyada xüsusi statusu və özünün təhsil proqramı olduğunu bildirib. O, diqqətə çatdırıb ki, əgər digər ali məktəblər tələbə qəbulunu vahid dövlət imtahanı əsasında həyata keçirirlərsə, Moskva Dövlət Universiteti tələbə qəbulunu özünün qəbul imtahanına əsasən həyata keçirir. MDU-nun diplomları Rusiyada və dünyanın hər yerində tanınır. MDU Rusiyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olduğu kimi, onun Bakı filialı da Azərbaycanda ən yaxşı ali təhsil müəssisələrindən biridir.

Y.Sadovniçiy, həmçinin 15 il bundan öncə Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında Sərəncam imzaladığını xatırladıb. Qeyd edilib ki, əgər 2008-ci ildə Bakı filialı üç fakültə - Tətbiqi riyaziyyat, Kimya və Filologiya fakültələri ilə fəaliyyətə başlamışdısa, sonralar Psixologiya, İqtisadiyyat və Fizika fakültələri də açılıb. Filialın bütün fakültələri üzrə magistratura təhsili almaq mümkündür. Ali təhsil müəssisəsinin bu və digər uğurları MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür.

2012-ci ildən etibarən Bakı filialında tədris Xocəsəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir.

Yuri Sadovniçiy daha sonra “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

“Açıq qapı” günündə Qəbul komissiyasının məsul katibi, Mexanika-riyaziyyat fakültəsinin Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib.

Tədbirdə filologiya elmləri namizədi, MDU-nun Filologiya fakültəsinin İber-roman dilçiliyi kafedrasının dosenti Anna Urjumtseva, Tətbiqi-riyaziyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, MDU-nun Bakı filialının Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının assistenti, fizika-riyaziyyat elmləri namizədi Nina Slavina, Fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Saletskiy, Kimya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Fiziki kimya kafedrasının aparıcı elmi işçisi, kimya elmləri namizədi Yekaterina Altova, İqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri namizədi Ceyhun Hüseynov, Psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Psixologiya fakültəsinin Ümumi psixologiya kafedrasının baş müəllimi Leonid Babanin çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Bakı filialının Kimya və Fizika fakültələrinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Tələbələr nəzəriyyə ilə yanaşı təcrübi biliklərə ən yüksək səviyyədə nail olurlar. Filialın elmi-tədqiqat işi müasir elektron kitabxananın bazası, habelə ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş laboratoriyalar və linqafon kabinet əsasında aparılır.

Vurğulanıb ki, məzunlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.

“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarda Xocəsəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb. Bu məkanda, həmçinin MDU-nun Bakı filialının məzunları uğurla karyera təcrübələrini bölüşüblər.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş