Vyana Universitetində Azərbaycan aşıq yaradıcılığına dair interaktiv seminar keçirilib
Vyana Musiqi və Təsviri İncəsənət Universitetində (MDW) Azərbaycan aşıq yaradıcılığına dair “Azərbaycan-Türk Aşıq Sənəti: Dastan musiqi ifaçılığı“ adlı interaktiv seminar (vorkşop) keçirilib.
BrendSport.az saytının Gənclər şobəsi xəbər verir ki, Avstriyada yaşayan bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbourinin təqdimatında hazırlanan seminar MDW universitetinin Xalq Musiqisi Tədqiqi və Etnomusiqişünaslıq İnstitutu tərəfindən və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Seminarda universitetin professorları, tələbələri, musiqisevərlər və media nümayəndələri iştirak ediblər.
Aria Torkanbouri ilk olaraq dinləyicilərə ümumtürk mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan aşıq sənəti barədə nəzəri məlumat verib və onun komponentləri, ifadə formaları, alət və texnikalarından danışıb. Bu bölümün əsas hissəsini isə aşıq musiqisinin səs sisteminin nəzəri analizi və anlatımı təşkil edib. Burada Aria Torkanbouri aşıq musiqisinin səs sistemini yeni baxış bucağından, yəni öz elmi işində aşıq musiqisi ilə bağlı yazdığı yeni nəzəriyyəyə əsaslanaraq, bu musiqinin modal və tonal nəzəri baxışları ilə dinləyicilərə anladıb. İfa, nəql, rəqs kimi müxtəlif formaları özündə ehtiva edən və tarixi min illərə söykənən dastanlar və aşıqların ümumtürk millətində, özəlliklə Azərbaycan ictimaiyyətində önəmi barədə danışan A.Torkanbouri lirik poeziya və dastançılıq ənənələrindən bəhs edib.
Vorkşopun ikinci hissəsində isə müxtəlif musiqi alətləri ilə seminara qatılan tələbələr keçdikləri nəzəriyyələrə əsaslanaraq, “Əsli və Kərəm” dastanından 3 aşıq havasının ifasını Aria Torkanbouri tərəfindən öyrənməyə başlayıblar. Burada bəzi tələbələrin ayrıca qaval alətinin ifa etməsini də öyrəniblər.
Praktika bölümündən sonra isə Almaniyada yaşayan dastançı Həmid Saneiy “Əsli və Kərəm” dastanından bir parçanı söyləyib, 2-ci bölümdə qatılan tələbələrin hamısı, öyrəndikləri havanı Aria Torkanbouri (qopuz) və Hadi Mostafaeinin (balaban və vokal) müşayiətilə ifa ediblər. Beləliklə, tədbir iştirakçıları aşıq sənətinin dastan söyləmə və musiqi ifaçılığı ilə həm nəzəri, həm də praktik tanış olublar.
Vorkşop “Biliklərin görüşü” (Meeting of Knowledges) silsilə beynəlxalq etnomusikoloji seminarının bir hissəsi kimi baş tutub.
AZƏRTAC
Facebook-da paylaş