Qara Qarayev: Sakinlərimizin yenidən Füzulidə yaşadığını görmək məni çox sevindirir
“Yenidən Füzuliyə qayıtmaq, doğma yurdumu belə gözəl və müasir halda görmək məndə olduqca xoş təəssüratlar yaratdı”.
BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Qara Qarayev Füzulidə Prezident İlham Əliyevlə görüşdən danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, bu, onun torpaqlar işğaldan azad olunduqdan sonra doğma rayonuna ikinci səfəri olub: “Doğma yurdumun ildən-ilə çiçəkləndiyini, tikinti işlərinin sürətlə davam etdiyini, insanların qayıdıb orada yaşadığını görmək məni çox sevindirir. Xoşbəxtəm ki, artıq mənim də uzun illərdən sonra gedə biləcəyim bir rayonum var”.
Təcrübəli oyunçu bildirib ki, Prezident İlham Əliyev və Füzuli sakinləri ilə görüşdə iştirak etmək onun üçün fəxrdir: “Füzuli sakinləri və rayonun ictimaiyyət nümayəndələri arasında mən də var idim. Dövlət başçımız tədbir zamanı bir çox məsələlər haqqında danışdı. Yadda qalan görüş oldu”.
Qara Qarayev Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan idman kompleksinin əhəmiyyətindən də danışıb: “Füzulidə işğaldan öncə də idmana xüsusi diqqət və rəğbət olub. Rayonda işğala qədər bir çox idman kompleksi tikilərək istifadəyə verilib. Hətta burada futbol komandası da olub. Bu gün artıq Azərbaycanın bütün regionlarında idman komplekslərinin inşa olunması ənənə halını alıb. Bu təşəbbüs uşaqlarda idmana həvəsin artmasında böyük rol oynayır. Ölkəmizin hər bölgəsində olduğu kimi, Füzulidə də istedadlı uşaqlar çoxdur. Belə komplekslərin mövcudluğu təkcə idmançılar üçün deyil, bütün rayon camaatı üçün faydalı olacaq. Düşünürəm ki, burada futbol həmişə inkişafda olub. Bunun ən böyük nümunəsi Füzulidə anadan olmuş keçmiş futbolçu Nazim Əliyevdir. O, Azərbaycan çempionatında ən çox qol vurmuş oyunçudur. 200-ə yaxın qolun müəllifidir. Bu da onu göstərir ki, Füzulidə futbol da var, futbolçular da. Sadəcə, işğaldan sonra infrastruktur problemləri yaranıb. İnanıram ki, bu problem də yaxın zamanda həll olunacaq”.
O, gələcəkdə tək Füzulidə deyil, Azərbaycanın istənilən bölgəsində futbolun inkişafına öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb: “Harada olmağımdan asılı olmayaq, hər zaman ölkəmə verə biləcəyim faydalar haqqında düşünmüşəm. Yəni, sırf öz doğma yurdumu ön planda tutmamışam. Təbii ki, hər şeyi zaman göstərəcək. Nəyin necə olacağını qabaqcadan təyin etmək çox çətindir. Hazırda bir futbolçu kimi əsas məqsədim öyrəndiklərimi uşaqlara çatdırmaq, onların təkmilləşməsində və futbol biliklərinin artmasında rol oynamaqdır”.
Facebook-da paylaş