Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Güləşçilərimiz “Zəfər Kuboku” beynəlxalq turnirində 20 medala sahib olublar



Türkiyənin Gebze şəhərində yeniyetmələr arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 21-ci “Zəfər Kuboku” beynəlxalq turniri başa çatıb.

Dörd gün davam edən yarışın yekununda sərbəst, yunan-Roma və qadın güləşçilərimiz, ümumilikdə 7 qızıl, 5 gümüş və 8 bürünc medal olmaqla 20 medal qazanıblar.

Yarışda Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq) qızıl, Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medalla yarışları başa vuran sərbəst güləş yığmamız komanda hesabında ikinci olub. Türkiyə birinci, Rusiya yığması isə üçüncü nəticə göstərib.

Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) birinci, Şahanə Nəzərova (43 kq) ikinci, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnur Məmmədova (61 kq) isə üçüncü olublar. Yeniyetmə qızlarımız da komanda hesabında Türkiyədən sonra ikinci pillədə qərarlaşıblar. Rumıniya güləşçiləri isə üçüncü yeri tutublar.

Yunan-Roma güləşçilərinin yarışlarında Həzrət Cəfərov (51 kq) qızıl, Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq) və Laçın Vəliyev (92 kq) bürünc medalla Vətənə dönüblər. Yunan-Roma güləşçilərimiz isə komanda hesabında üçüncü yeri tutublar. Türkiyə birinci, Gürcüstan komandası ikinci olub.

Türkiyənin Gebze şəhərində keçirilmiş "Zəfər Kuboku" beynəlxalq turnirində qazanılmış nəticə aprelin 23-29-da Kiyevdə keçiriləcək Avropa çempionatı öncəsi məşqçilər korpusunun yığma komanda üzvlərini sınaqdan keçirməsi və heyətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.

Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71, 92, sərbəst güləş üzrə 48, 55, 65, 80, 110, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Azərtac.az


Facebook-da paylaş