Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib
Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
BrendSport.az xəbər verir ki, turun açılış oyunu Tovuzda keçirilib.
“Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Birinci hissə qonaqların üstünlüyü şəraitində keçib. “Gənclik şəhəri” təmsilçisi ardıcıl qollar sayəsində 2 top fərqi ilə önə keçib. Əvvəlcə 15-ci dəqiqədə Şəhriyar Əliyev avtoqol müəllifi olub. 22-ci dəqiqədə isə Erik Sorqa adını tabloya yazdırıb.
Qərb təmsilçisi fasilədən dərhal sonra fərqi minimuma endirib. Otto Con 52-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin tovuzluların bundan artığına gücləri çatmayıb. Əvəzində qonaqlar 88-ci dəqiqədə üçüncü dəfə rəqibi mərkəzə dəvət ediblər: Səbuhi Abdullazadə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Cordan Rezabala qoyub.
Beləliklə, 4:1 hesablı qələbə qazanan “Sumqayıt” xallarının sayını 47-yə yüksəldib. “Turan Tovuz” isə 42 xalda qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.
Facebook-da paylaş