Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



YENİ İLKLƏR



Əziz gənclər və idmançılar!


İlin ilk yarısını tamamlayan iyun zəngin fəaliyyətlər, fəxr ediləsi uğurlarla tarixə çevrildi. Ölkəmizin 7 şəhərində keçiriləcək III MDB Oyunlarına 3 aydan da az vaxt qalır. Hazırlıq işlərinin tərkib hissəsi olan Yevlax Olimpiya İdman Kompleksinin tikinti işləri də davam edir. Yevlaxa səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış oldu və müvafiq tapşırıqlar verdi. Dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verdim.



Ümumiyyətlə, III MDB Oyunlarına hazırlıq plan üzrə davam edir. Oyunların yüksək səviyyədə təşkili üçün aidiyyəti qurumlar koordinasiyalı olaraq fəaliyyət göstərirlər. Həm Baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə Təşkilat Komitəsinin ikinci iclasında, həm də Gənclər və İdman Nazirliyində işçi qrupuna daxil olan federasiya nümayəndələri ilə növbəti iclasımızda Oyunlara hazırlığın əsas istiqamətləri üzrə görülən işlər nəzərdən keçirildi, qarşıda duran vəzifələr konkretləşdirildi və bütün istiqamətlər üzrə görülən işlər barədə hesabatlar dinlənildi, müvafiq tapşırıqlar verildi. Bütün bu hazırlıq işləri Azərbaycanın növbəti dəfə mühüm bir beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə əminlik yaradır. Yeri gəlmişkən, 2025-ci il üçün MDB-nin “İdman Paytaxtı” seçilmiş Gəncədə bu ay sertifikatın təqdimetmə mərasimi keçirildi. Bu münasibətlə bütün Gəncə sakinlərini və idmansevərləri təbrik edirəm.



Azərbaycanda ilk dəfə olaraq, UFC döyüş gecəsinin təşkili ayın əlamətdar hadisələrindən oldu. Möhtəşəm tədbirin yüksək səviyyədə təşkili UFC-nin Azərbaycana etimadının təsadüfi olmadığını göstərdi. Bir tərəfdən tədbirin Bakıda yüksək səviyyədə təşkili, azarkeş izdihamı, xarici qonaqların ölkəmizə səfəri, həmçinin UFC kanalları vasitəsilə dünyanın dörd bir yanından on milyonlarla izləyicinin diqqətinin Bakıya yönəlməsi qürur yaşatdısa, digər tərəfdən də idmançılarımızın doğma arenada uğurlu çıxışları azarkeşlərə sevinc hissi bəxş etdi.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarında idmançılarla görüşdə Böyük Qayıdış məsələsinə toxunaraq idmançıların işğaldan azad edilmiş bölgələrə səfərlərinin vacibliyini qeyd etmişdi. Dövlətimizin başçısının Qarabağ və Şərqi Zəngəzura səfər etmək çağırışına ilk “Qarabağ” futbol klubu qoşuldu. Şuşa, Xankəndi, Ağdam və Füzuli şəhərlərində sakinlərlə keçirilən görüşlər uşaqlar və gənclər üçün qürurverici anlarla yadda qaldı. Bu təşəbbüsə qoşulan “Qarabağ”ın rəhbərliyinə və futbolçularına təşəkkür edirəm və bu addımın ənənəyə çevriləcəyinə, digər idmançılar tərəfindən davam etdiriləcəyinə inanıram.



Ötən ay beynəlxalq yarışlarda fərqlənən idmançılarla bir sıra görüşlərimiz oldu. Onlarla bir araya gələrək təəssüratlarını dinlədik və qarşıdakı yarışlarda daha böyük nailiyyətlər arzuladıq. Həmçinin Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunun üzvləri, Vinq Çun ustası Böyük Usta Samuel Kvoku və UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə də görüşlərim oldu.



Elə bir ay olmur ki, paytaxtımız hər hansı bir beynəlxalq yarışın məkanına çevrilməsin. Bu dəfə akrobatika gimnastikası üzrə Dünya Kubokunun məkanına çevrilən Milli Gimnastika Arenası idmançılarımızın növbəti zəfərlərinə şahidlik etdi. İdmançılarımız iki qızıl və iki gümüş medal qazanmaqla ölkəmizin idman potensialını bir daha dünyaya göstərdilər. Ümumiyyətlə, Azərbaycan idmançıları bu ay müxtəlif beynəlxalq arenalarda tarixi və parlaq nəticələrlə yadda qaldılar. Azərbaycan milli komandası çövkən üzrə Avropa çempionatında tarixi uğura imza ataraq ilk dəfə qitə çempionu oldu. U-15 Avropa çempionatında 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz ikinci dəfə Avropa çempionu oldu. U-17 Avropa çempionatında isə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda Avropa çempionu adını qorudular. Yunan-Roma güləşçilərimiz 5 medalla çıxış edərək komanda hesabında üçüncü yeri tutdular. Qızlardan ibarət yığmamız da yarışda 1 bürünc medal qazandı. Cüdo üzrə dünya çempionatında isə idmançılarımız 3 bürünc medal qazanaraq ölkəmizin uğurlar sırasını daha da zənginləşdirdilər. Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıldı. Bu uğurlar idmançılarımızın gərgin məşqinin və ölkəmizin idmana davamlı dəstəyinin nəticəsidir. Əlamətdar nəticələrlə yanaşı, Bakı daha bir beynəlxalq tədbirə – “Gimnastika hamı üçün” növü üzrə üçüncü “Challenge” festivalına da ev sahibliyi etdi. Rəngarəngliyi və inklüzivliyi ilə seçilən bu festival paytaxtın idman təqviminə xüsusi rəng qatdı.



“Ulduz” Futbol Akademiyasının U-11 komandası Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq futbol turnirinin qalibi oldu. Qeyd edim ki, Akademiya Nazirliyin təşəbbüsü və dəstəyi ilə bir neçə ildir yaradılıb. 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış “Ulduz” FA qısa müddətdə ölkə çempionatında və beynəlxalq turnirlərdə uğurlu çıxış edir. Qələbə münasibətilə komandanı və Akademiyanın kollektivini təbrik edirəm.



Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin üzgüçülərini bir araya gətirən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi də uğurla başa çatdı. Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda müxtəlif yaş qruplarından olan idmançılar öz bacarıqlarını nümayiş etdirərək layihənin məqsədinə uyğun olaraq üzgüçülüyün kütləviləşdirilməsi və inkişafına töhfə verdilər.



Regionlarda idman infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışı da ayın ən pozitiv hadisələrindən biri oldu. Yeni mərkəzdə boksçular üçün yüksək standartlara cavab verən şərait yaradılıb. Şamaxı və Göyçayda müasir güləş zallarının istifadəyə verilməsi isə həmin rayonlarda bu idman növünün inkişafına geniş imkanlar yaradacaq. Regionlarda aktiv fəaliyyətə görə federasiyalara dərin təşəkkür edirəm.



Ölkəmizin beynəlxalq idman qurumlarında təmsil olunması önəmli hadisədir. Bu il artıq bir neçə federasiyamızın rəhbəri bu etimadı qazanıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilməsi növbəti uğur oldu. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ali idarəetmə orqanı olan Senatın üzvü seçilməsi isə ölkəmizin beynəlxalq idman ailəsində mövqeyinin daha da möhkəmləndiyinin bariz nümunəsidir. İnanıram ki, bu seçimlər ölkəmizin beynəlxalq federasiyalarda uğurla təmsil edilməsinə, müvafiq idman növlərinin inkişafına əhəmiyyətli töhfələr verəcək.



Vətəndaşlarla birbaşa təmas, onların fikirlərini dinləmək və təkliflərini dəyərləndirmək fəaliyyətimizdə önəmli yer tutur. Bu istiqamətdə iyun ayında Yardımlı və Masallı rayon sakinləri ilə görüşdüm. Masallı Gənclər Evində baş tutan qəbulda vətəndaşların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verdim. Eləcə də, Masallıda Lənkəran-Astara regionunun fəal gəncləri ilə görüşərək onların fikir və ideyalarını dinlədim. Nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə keçirdiyim görüşdə isə onların təəssüratları və qazandıqları təcrübələr barədə fikir mübadiləsi apardım. “Gənclər Paytaxtı”mız Sumqayıtda isə gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə keçirdiyimiz görüşdə onların təşəbbüslərini və yeni layihə təkliflərini müzakirə etdik.



Gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsi məqsədilə təşkil olunan layihələr xüsusi önəm daşıyır. Bu çərçivədə Sumqayıtda keçirilən və Zəfərin 5 illiyinə həsr olunan XXVIII “Şahin” hərbi-idman oyununun final mərhələsi də maraqlı anlarla yadda qaldı. Məktəblilərin fiziki və intellektual bacarıqlarını nümayiş etdirdikləri bu yarışda onların hazırlıq səviyyəsi və ruh yüksəkliyi sevindirici idi.



Gənclərin könüllülük və təhsil sahəsində fəaliyyətlərini gücləndirmək məqsədilə Lənkəranda “III Gənclər Könüllülük və Təhsil Proqramı”nın açılış mərasimi keçirildi. Tədbirdə Türk Dövlətləri Təşkilatı və digər tərəfdaşların nümayəndələri iştirak edərək təcrübə mübadiləsi apardılar. Eyni zamanda, “Lənkəran – 2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının rəsmi bağlanış mərasimi böyük coşqu ilə baş tutdu, rəmzi açarla birgə estafet növbəti ev sahibi Qazaxıstana ötürüldü.




Bakıda “Miniboss Business School Baku” şagirdləri arasında keçirilən V Milli Startap Çempionatında uşaq və yeniyetmələrin innovativ ideyaları və sahibkarlıq bacarıqları yüksək səviyyədə nümayiş olundu. Uşaqların yarışında münsiflər heyətində olmaq ayrı hiss idi. Uşaq və yeniyetmələrin yaradıcılıq potensialını və sahibkarlıq bacarıqlarını qiymətləndirərək onların gələcək uğurlarına dəstək verməkdən məmnun oldum.




Böyük Qayıdış sayəsində işğaldan azad edilmiş ərazilərimizdə müxtəlif miqyaslı tədbirlərimiz ilbəil daha da genişlənir. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumunun “İƏT Həftəsi” çərçivəsində Ağdam şəhərində təşkili xüsusi önəmə malikdir. Forum iştirakçıları Azərbaycan dövlətinin qüdrəti sayəsində işğaldan azad edilmiş şəhər və rayonlarımızın yenidən qurulmasını öz gözləri ilə gördülər. Tədbirə gəlincə, Gənclər Forumu gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından əhəmiyyətli platformadır.




Gənclərin inkişafı və cəmiyyətə fəal inteqrasiyası istiqamətində müxtəlif mövzularda təşkil olunan proqramlar bu ay da davam etdi. Qubada keçirilən düşərgələrdən “ArchiVision 2” və “Gənc turizm liderləri-2” düşərgələri gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və peşəkar biliklərinin artırılmasına yönəlib. Bununla yanaşı, Gənclərin Süni İntellekt Forumu, “İnklüziya və sosial məsuliyyət” mövzusunda təlim proqramı, “Enactus Çempionlar Liqası Simulyasiya” düşərgəsi və “Süni intellektin gələcəyi, inkişafı üçün birlik və gənclərin baxışı” adlı Türk Dövlətləri Təşkilatının gənclər simulyasiyası kimi təşəbbüslər də gənclərin biliklərini artırmağa, onların müasir çağırışlara uyğun inkişafını təşviq etməyə istiqamətlənib.



Ölkəmizdə intellektual oyunlara maraq ilbəil yüksəlir. “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Tələbələrarası Azərbaycan Kuboku–2025” final mərhələsi böyük coşqu ilə keçirildi. 32 komandanın yarışdığı finalda qalib gələn komandaları təbrik edirəm. Bu cür yarışlar gənclərin intellektual inkişafına və komandalar arasında sağlam rəqabətin güclənməsinə töhfə verir.



Əldə olunan bütün nailiyyətlər davamlı və birgə fəaliyyətin nəticəsidir. Qarşıda bizi daha böyük hədəflər və yeni uğurlar gözləyir. Gənclərimizin potensialını üzə çıxarmaq və ölkəmizin idman şöhrətini yüksəltmək üçün səylərimizi davam etdirəcəyik. Çünki hər bir gəncin və idmançının uğuru bizim fəaliyyətimizin prioritet məsələsidir.



Fərid Qayıbov,
gənclər və idman naziri


Facebook-da paylaş

Xəbəri paylaş