Qara Qarayev: De Byazinin məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi
"Neftçi"nin futbolçusu Qara Qarayev Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
BrendSport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Milli komandanın sabiq baş məşqçisinin dedikləri, yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan yığmanın formasını ləyaqətlə geyinmişəm".
Qeyd edək ki, Canni De Byazi müsahibəsində Qara Qarayevi milli komandaya çağırmamasının səbəbini açıqlayıb. O, təcrübəli yarımmüdafiəçinin ötən il Bakıda Belarus komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyun zamanı vurulan ikinci qola sevinmədiyi üçün yığmadan kənarda qaldığını vurğulayıb.
Facebook-da paylaş