Cüdo yığmasının baş məşqçisi: Bu il bütün turnirlərdə birinci yeri tutmuşuq
“Bu il Avropa Kuboku ilə yanaşı, dünya çempionatı və bir çox beynəlxalq turnirdə çıxış etmişik. Sevindirici haldır ki, bu yarışların hər birində komanda hesabında birinci yeri tutmuşuq”.
BrendSport.az xəbər verir ki, yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rüstəm Alimli Latviyanın paytaxtı Riqada keçirilmiş Avropa Kubokundakı çıxışlarını dəyərləndirərkən deyib.
Mütəxəssis cüdoçuların ümidləri doğrultduğunu bildirib: “Əsasən, son Avropa çempionu və dünya çempionatının mükafatçısı Mirxaliq İsgəndərov (60 kiloqram) bu yarışda da qızıl medal qazanaraq bizi sevindirdi. Bahadır Feyzullayev (50 kiloqram) də çox perspektivli idmançıdır. Ondan da yüksək nəticə gözləyirdik və bunu bacardı. Ağır çəkidə yarışan iki idmançımızın finalda çıxış etməsi isə bizim üçün gözlənilməz oldu. Sevinirəm ki, heç birinin əziyyəti yerdə qalmadı”.
O, Azərbaycan Cüdo Federasiyası tərəfindən yeniyetmə idmançılara xüsusi diqqət və qayğı göstərildiyini söyləyib: “Komandamızda hər idmançıya fərdi yanaşma prosesi gedir. Bu da öz bəhrəsini verir. Təlim-məşq toplanışlarımızı Bakıda keçirmişdik. Yarışlar onu göstərdi ki, hazırlıq prosesi kifayət qədər yaxşı alınıb. Ümid edirəm ki, gələcəkdə də belə davam edəcəyik”.
R. Alimli bundan sonra əsas diqqəti 2024-cü ilin yanvarında keçiriləcək Azərbaycan çempionatına yönəldəcəklərini vurğulayıb: “Komandamız artıq bu yarışa fokuslanıb. Daha sonra bir neçə beynəlxalq turnirdə iştirakımız nəzərdə tutulub. Həmin turnirlərdə özünü yaxşı göstərən və yüksək nəticə qazanan idmançılar iyunda baş tutacaq Avropa çempionatında mübarizə aparacaqlar. Hədəfimiz bu yarışlardan da uğurlu nəticələrlə ayrılmaqdır”.
Baş məşqçi əsas arzusunun yeniyetmə cüdoçuları gənc və böyüklərdən ibarət Azərbaycan yığmalarında görmək olduğunu bildirib: “İnanıram ki, yuxarı yaş qrupları üzrə milli komandalarda da bu cür parlaq çıxışları ilə yadda qalacaqlar. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə edərək, oğlanlar arasında komanda hesabında birinci yeri tutublar.
Facebook-da paylaş