Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tanınmış idman jurnalisti Eldar İsmayılovun anadan olmasının 70 illik yubileyi qeyd edilib



Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılovun anadan olmasının 70 illik yubileyi münasibətilə dekabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

BrendSport.az xəbər verir ki, tədbirdə əvvəlcə yubilyarın həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib.

Azərbaycan Mətbuat Şurasının (AMŞ) Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə E.İsmayılovun ömrünün 52 ilini jurnalist peşəsinə həsr etdiyini vurğulayıb. E.İsmayılovun istedadlı jurnalistlərdən olduğunu, Azərbaycan mətbuatında fəallığı ilə seçildiyini deyən M.Süleymanzadə onun xidmətlərindən danışıb.

AMŞ-nin sədri Əflatun Amaşov ölkə mətbuatının tanınmış simalarından olan E.İsmayılovun istedadlı qələm sahibi kimi, yaradıcılıq enerjisi, zəhmətsevərliyi sayəsində cəmiyyətdə böyük hörmət qazandığını vurğulayıb. Bildirilib ki, onun rəhbərlik etdiyi AİJA ölkəmizdə nüfuzlu media qurumlarındandır. E.İsmayılov dünyanın və Avropanın idman jurnalistləri təşkilatlarının rəhbər qurumlarındakı səmərəli fəaliyyəti ilə ölkəmizin idman uğurlarının təbliğində yüksək fəallıq göstərir.

Milli Məclisin deputatları - Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, şair-publisist Ramiz Məmmədzadə, yazıçı-dramaturq Aqşin Babayev, Ağdam rayonunda olan ağsaqqal Səlim Əzimov və başqaları çıxışlarında Eldar İsmayılovun Azərbaycan mətbuatında təqdirəlayiq fəaliyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, E.İsmayılov 1948-ci ildə Ağdam rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində istedadı və bacarığı ilə diqqəti cəlb edən E.İsmayılov rəsm və fotolar çəkməkdə, divar qəzeti buraxılışı işində yüksək qabiliyyəti ilə seçilib. O, rayon qəzetinə məqalələr yazıb, idman, musiqi və poeziya ilə məşğul olub, texniki yaradıcılığa və bədii tərtibat məsələlərinə həvəs göstərib. Ağdam rayonunun istedadlı yeniyetmələrindən biri kimi tanınan E.İsmayılov qısa zamanda rayonun ictimai-mədəni həyatında fəal iştirak edən ziyalılardan birinə çevrilib. Bir müddət teleradionun Qarabağ bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərən E.İsmayılov müharibə dövründə dəfələrlə qaynar nöqtələrdə olub, öz vəzifəsini uğurla yerinə yetirib. 1993-cü ildən məcburi köçkün həyatı yaşayan jurnalist qələmini yerə qoymayaraq, erməni təcavüzünün ağır nəticələrini göstərmək üçün mübarizəsini davam etdirir. Onun təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası yaradılıb, ölkəmizdə bir sıra beynəlxalq tədbir təşkil olunub.

Tədbirin sonunda yubilyar çıxış edərək yüksək diqqətə və xoş sözlərə görə minnətdarlığını bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş