Faydalı saytlar


Reklam



44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı Qələbələr” adlı idman festivalının açılış mərasimi baş tutub



Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının, “Gənc velosipedçilər” İctimai Birliyi, "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi və BrendSport.az saytının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində jurnalistlər və tanınmış incəsənət nümayəndələri arasında velosiped idman növü üzrə "Zəfər kuboku" keçirilib.
Tədbirdə rəsmi qonaqlardan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi Fərhad Əliyev, “Qızıl fit” sahibi, “İlhamlı Qələbələr” adlı orduya dəstək kampaniyasının fəal üzvü Hicran Şərifov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, Respublika Velotrekinin direktoru Ceyhun Mirzəyev və Qrepplinq federasiyasının vitse-prezidenti Abbaslı Hüseynəli iştirak ediblər.
Tədbirin aparıcısı isə AzTV kanalının Xəbərlər departamentinin əməkdaşı Samirə Mustafayeva idi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev açılışda ilk çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana olan diqqət və qayğısından danışdı. Eyni zamanda iştirakçılara tədbir haqqında məlumat verərək, digər federasiyaları da bu kimi tədbirlərdə fəal olmağa çağırdı. Fikrini iştırakçılara uğurlar arzulayaraq yekunlaşdıran Xəzər müəllim, belə tədbirlərin davamlı və daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğuladı.
Sonra çıxış edən Fərhad Əliyev də tədbirin mahiyyətindən danışaraq, iştirakçılara uğurlar arzuladı.
Rəsmi qonaqlardan Hicran Şərifov da çıxış edərək ölkəmizdə idman sahəsinə göstərilən diqqətdən söz açaraq, ölkə rəhbərliyinə bu qayğıya görə minnətdarlığını bildirdi və turnirə qatılan bütün iştırakçılara uğurlar arzuladı.
Sonda layihə rəhbəri Bəhruz Səmədov çıxış edərək, ölkəmizdə aparılan uğurlu idman siyasətinə diqqət çəkərək bu sahədə görülən işləri yüksək qiymətləndirdi. Festivalın keçirilməsində dəstək olan hər kəsə minnətdarlığını bildirdi. Festivalın velosiped yarışlarından sonra digər idman növləri üzrə də davam edəcəyinə ümidvar olduğunu bildirən B.Səmədov iştirakçılara uğurlar arzuladı.
Çıxışlardan sonra festivala velosiped idman yarışlarıyla start verildi.
Yarışda ümumilikdə paravelosipedçilərlə birlikdə 34 nəfər iştirak etdi.
Yarışda “Trend” İnformasiya Agentliyinin, “İctimai” TV-nin, “Space” TV-nin, “Real” TV-nin, “İdman Azərbaycan” telekanalının, “Baku” TV-nin, “Sehrli dünya” uşaq jurnalının, “Uğurcan” Nitq İnkişaf Mərkəzinin, BrendSport.az saytının əməkdaşları və incəsənət nümayəndələri mübarizə apardı.
Gərgin və maraqlı keçən yarışın sonunda kişilər arasında I yeri “Baku” TV-nin əməkdaşı Zaur Hacıyev, II yeri isə “Trend” İA-nin əməkdaşı Elgün Mənsimov, III yer isə Ümüd Süleymanov AzTV-nin əməkdaşı tutdu.
Qadınlar arasında isə “Sehrli dünya” uşaq jurnalının əməkdaşları I yeri Aynur Nurəliyeva , II yeri “Uğurdan” Nitq İnkişaf Mərkəzinin rəhbəri Günay Ağazadə, III yerə “Sehrli dünya” uşaq jurnalının təsisçi baş redaktoru Gülzar İbrahimova sahib olub.
Paravelosipedçilərdən isə I yeri Mehman Ramazanzadə, II yeri Bəhlul Əliyev, III yeri isə Amid Həsənquliyev əldə etdi.
Yarışmanın sonunda qələbə qazanan iştirkaçılara “Natural Halı”, “Toba”, “Həyat aptek”, “İslamoğlu un məmulatları”, “Azərçay”, “Soel parfum” "Coca-Cola" şirkətlərindən dəyərli hədiyyələr, eləcə də, təşkilatçılar tərəfindən diplom və medallar təqdim olundu.
Xatırladaq ki, “İlhamlı Qələbələr” adlı festival peyntbol, stolüstü tennis, mini futbol və şahmat idman növləri üzrə çempionatların keçirilməsi ilə davam edəcək.
Bütün qalibləri təbrik edirik.

























Facebook-da paylaş