Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünyanın ən yaxşı forması – Rakitiçin hekayəsi



Atam qutunun içərisindən çıxaranda qardaşım və mən bilirdik ki, formalar bir də əynimizdən düşməyəcək...

Qutu İsveçrədəki evimizə çatanda, təbii ki, içində nə olduğunu bilmirdik. Üzərində qaytarılma ünvanı kimi Xorvatiya göstərilmişdi. Bizim üçün ev anlamına gəlsə də, nə qardaşım, nə də mən orda olmuşduq.

Evdə xorvat dilində danışırdıq, İsveçrədəki şəhərimizdə çoxlu xorvatlar yaşayırdı. Ancaq Xorvatiya hələ də mənə yad idi. 1991-ci ildə müharibə başlayanda valideynlərim ölkəni tərk etmişdilər və bir də geri qayıtmamışdıq. Qardaşım Deyan və mən İsveçrədə anadan olmuşuq. Bizim bildiyimiz Xorvatiya televizorda gördüyümüz və valideynlərimizin şəkillərdə bizə göstərdiyi yer idi. Və təbii ki, telefon danışıqlarında eşitdiklərimiz...

Balkan yarımadasında baş verənləri uşağın anlaması çətin idi. Valideynlərim heç vaxt mənimlə müharibə haqqında danışmazdılar. Əslində, bu mövzuya toxumaq istəməməkləri başadüşülən idi. Yadımdadı, bəzən telefonda Xorvatiya ilə danışanda necə ağlayardılar. O hissləri sözlə necə izah edəcəyimi bilmirəm. Bəlkə də, “kabus” sözü yerinə düşər. Biz şanslı idik. Hadisələrdən uzaqda, nə baş verdiyinin fərqində deyildik. Ancaq valideynlərimin ağıllarının bir küncündə oralar var idi. Dostlarından, ailələrindən ayrı düşmüş, xeyli sayda sevdikləri insanı itirmişdilər.

4-5 yaşım olardı, televizorda xəbərlərə baxırdım. Müharibədən görüntülər göstərirdilər. Yatağımda uzanmışdım, öz-özümə düşünürdüm: “Bu, imkansızdı. Bütün bunlar necə baş verə bilər axı?”

Xorvatiya müstəqilliyini elan etməmişdən öncə də yığma komandamız oyunlara çıxırdı. Məncə, bu, futbolun bizim üçün, ümumiyyətlə, ölkə və əhalisi – harda yaşamaqlarından asılı olmayaraq - üçün necə böyük önəm kəsb etdiyini göz önünə sərir.

Atam bıçaqla qutunu açdı və ordan qardaşım və mənim üçün aldığı Xorvatiya formalarını çıxardı... Möhtəşəm anlar idi. Formaları əynimizə geyindik, elə onlarla da yatdıq. Növbəti gün məktəbə həmin formalarla getdik. Bir sonrakı gün də eyni şey təkrarlandı. Vau, bizim Xorvatiya formamız var. Qırmızı və ağ, dama-dama, ancaq arxasında adı yox. Ondan 10 dənə də olsa, istəyərdik. Çünki başqa bir şey geymək istəmirdik. O formalar bizim üçün çox özəl idi.

Ancaq futbol oynadığım ilk illərdə Xorvatiya formasını geymirdim. Bir digər evim – İsveçrənin forması əynimdə idi. Səmimi olacam, insanlara isveçrəli olduğumu deyirdim. Və həmişə də bunu dedikdən sonra məni qəribə baxışlarla süzürdülər: “İsveçrəli? İvan Rakitiç?” Ancaq mən İsveçrədə doğulmuş, orda böyüyüb başa çatmışdım. Məktəbə İsveçrədə başlamışdım, dostlarım da isveçrəli idilər. Ona görə də 5 il boyunca gənclərdən ibarət komandalarda İsveçrə forması geydiyimə görə qürur hissi duyurdum. Ancaq ürəyimin böyük bir hissəsi Xorvatiyaya aid idi. Həmişə də belə olub.

Müharibə bitdikdən bir neçə il sonra valideynlərim, qardaşım və mən nəhayət ki, Xorvatiyaya gedə bildik. Orda müharibə, haqqında danışılmaq istənməyən mövzulardan idi. “Müharibəni unutmalı, yolumuza davam etməli və olanları geridə buraxmalıyıq” – bu tip düşüncələr hakim idi.

İlk dəfə Xorvatiyanı ziyarət etmək mənə Möhlini – İsveçrədəki evimizi xatırladırdı. Bizim kimi, daha neçə-neçə xorvat həmin şəhərə köçmüşdü. Ona görə də yaxınlığımızda çoxlu xorvat ailələr və xorvat restoranları var idi. 1998-ci ildə Xorvatiya dünya çempionatında ilk dəfə iştirak edəndə bütün pəncərələrdə və mağaza önlərində bayraqlar dalğalanırdı. Hamı özündən çıxmışdı.

DÇ-1998-i qardaşım və atamla birlikdə İsveçrədəki evimizdə izləyirdik. Əynimizdə formalarımız, sakit şəkildə tamaşa edirdik. Atam danışmağa icazə vermirdi. 90 dəqiqə ərzində tək önəm kəsb edən şey matç idi. Atam deyərdi: “Sonra danışarıq. İndi isə oyuna baxın”.

İstədiyiniz bir xorvatdan soruşun, Almaniya ilə oynanılan 1/4 final matçını xatırlayacaq. Necə unuda bilər ki? Rəsmi olaraq 1992-ci ildə komanda kimi təsdiqlənmişdik və budu, 6 il sonra ilk dünya çempionatında Almaniyaya qarşı 1/4 final oyununa çıxırdıq. Atam Luka ağlını itirmişdi. Onun qədər futbol xəstəsi birini görməmişəm. “Barselona”da oynayan birinin bunu deməsi hər şeyi ifadə edir.

Biz İsveçrəyə gəldikdən sonra atam ilk olaraq tikintidə işləməyə başlamışdı. Güclü biridi. Gənc yaşlarında futbol da oynayıb. Dayaq yarımmüdafiəçisi imiş, 4 nömrəli formanı geyərmiş. Xorvatiya Almaniyanı udduqdan sonra onu saxlaya bilmirdik, “uçurdu”. Bu gün tez-tez olur ki, hər ikimizin xəyalını yaşadığımı hiss edirəm. Atam İsveçrəyə köçməyə qərar verməmişdən öncə Bosniyada elit səviyyədə futbol oynayırmış. Futbolla vidalaşdıqdan sonra isə mənim oyunlarımı canlı izləmək üçün hər şeyi edirdi. Futbol və Xorvatiya onun üçün çox böyük məna ifadə edirdi.

Mən İsveçrə və Xorvatiya arasında seçim etmək məcburiyyətində qalmışdım. İsveçrəli məşqçimlə danışırdım, qapının kənarında onun irəli-geri var-gəl etdiyini hiss edirdim. Düzü, elə anlar olub, düşünmüşəm ki, İsveçrədən başqa bir yerdə oynaya bilmərəm. Heç vaxt buna ehtimal kimi yanaşmamışam, çünki zatən, başından bəri İsveçrə üçün oynayırdım. Bu, mənim komandam idi. Ancaq 10 il öncə Slaven Biliç və Xorvatiya Futbol Federasiyasının prezidenti Bazelə oyunumu izləməyə gəlmişdilər. Sonra danışmaq üçün bir araya gəldik.

Hər şeydən öncə, Slavenlə bir otaqda olmaq... nə desə, razılaşardım – o dərəcə. O, mənim qəhrəmanım idi. Mənə təzyiq etmədi. Sadəcə, komandanın planlarından və mənim planların bir parçası olmağıma dair istəyindən danışdı: “Mənimlə gəl. Gəl və ölkəmiz üçün oyna. Ən yaxşısını edəcəyik”.

Öz-özümə düşünürdüm: “Razıyam. Vau, sadəcə, icazə ver ki, səninlə gələ bilim”. Məni çox inandırmışdı.

Slaven haqqında nə deyə bilərəm ki? Karyeram boyunca rastlaşdığım ən önəmli insanlardan biridi – sadəcə məşqçi kimi yox, həm də insan olaraq. O, fərqlidi, özəldi. Onda nəsə bir şey var, səni özünə çəkir, bu gün, sabah, həmişə onun üçün oynamaq istəyirsən. Və meydana çıxanda da ən yaxşısını ortaya qoyursan, çünki səndən maksimumunu necə alacağını çox yaxşı bilir. Düşünürsən ki, bu adam mənim üçün hər şeyi edər.

Ancaq Slavenin qarşısında oturub, dediklərinə qulaq versəm belə, o anda qərar vermək mümkünsüz idi. İsveçrəyə çox şey borclu idim. Ona görə də, bir müddət düşünmək qərarına gəldim. “Bazel”də mövsüm bitmişdi, Almaniyaya – “Şalke”yə getməyimə az qalmışdı, evdə idim. Yığma komanda məsələsi uzun müddət idi ki, üzərimdə yük idi. Almaniyaya getməmişdən öncə mövzunu həll etməli idim. Təmiz beyinlə və bir nöqtəyə fokuslanmış şəkildə yeni klubuma yollanmaq istəyirdim.

Otağımda oturmuşdum, hələ də nə edəcəyimi bilmirdim. Zehnimdə irəli-geri gedərək məni buralara gətirən bütün insanlar barədə düşünürdüm. Birdən ürəyimi dinləmək qərarına gəldim. Telefonu götürdüm və zəng elədim. İlk olaraq isveçrəli məşqçimi yığdım. Karyeram boyunca İsveçrə yığmasında çıxış etmişdim. Bu səbəbdən ilk onunla əlaqə saxlayıb, niyə Xorvatiyanı seçdiyimi açıqlamağım mənim üçün önəm kəsb edirdi. Ona, qərarımın İsveçrəyə qarşı mövqe tutduğum anlamına gəlmədiyini dedim. Bu, sadəcə, Xorvatiya üçün idi. Daha sonra isə Slavenə zəng elədim: “Səninlə gələcəm. Planın bir parçası olmaq üçün hazıram”.

Slaven: “Bütün Xorvatiya əhli burda olacağın üçün səninlə qürur duyacaq. Başqa şeylər haqda düşünmə, sadəcə, futboldan həzz al”.

Bütün bu müddət ərzində qapının digər tərəfində - atamın koridordakı addım səslərini eşidə bilirdim. Nəhayət, mən qapını açanda sadəcə dayandı və mənə baxdı. İlk başda ona qərarımı açıqlamadım, o isə seçimim nə olursa olsun, məni dəstəkləyəcəyini dedi. Hər ikimiz üçün önəmli an idi.

Əvvəlcə bir balaca zarafat eləmək qərarına gəldim. Dedim: “İsveçrə üçün oynamağa davam edəcəm”. Atam dilləndi: “Oh. Ok, yaxşı”.

“Yox. Xorvatiya millisində oynayacam” – gülərək cavab verdim. Gözləri yaşarmağa başladı və ağladı.

Xorvatiya üçün meydana çıxanda atamı və o anı dəfələrlə düşünürəm. Bilirəm ki, atam mənim olduğum yerdə olmaq istəyərdi. Həmçinin bütün xorvatiyalılar eynisini arzulayardı. Ölkən üçün oynamaq və o rəngləri təmsil etmək... – bunu izah etmək üçün sözlər çarəsizdi.

Xorvatiyalılar özəl insanlardılar. Komanda yoldaşlarımla azarkeşlərimizin önünə çıxanda matçın bitməsini istəmirik. Bunu necə izah edim, elə bil ki, hamını qucaqlamaq istəyirəm. Oranı tərk etmək ağlından belə keçmir. Hər gün orda olmaq, onların önündə futbol oynamaq fikrinə düşürsən.

Gülməlidi, qutu evə gələndə uşaq idim, ancaq elə indi də formanı əynimdən çıxarmağa niyyətim yoxdu. Formanı əyninə keçirmək təzyiqi bərabərində gətirir. Ancaq məncə, bu təzyiqin ziyanı yoxdu. Bütün dünyaya Xorvatiyanın nələrə qadir olduğunu göstərmək fikrinə düşür, Slavenin və Davor Şukerin yolundan getməyə çalışırsan.

Məncə, hələ də bu yolda davam edirik. Təsnifat mərhələsi çərçivəsində Yunanıstanla keçirdiyimiz oyun son 5-6 il ərzində oynadığımız ən yaxşı matç idi. Paltardəyişmə otağında uşaqlara sadəcə bir şey dedim: “Belə oynamağa davam edək”.

Luka Modriçlə bir-birimizə baxırdıq. Daha öncə belə bir şeyi niyə etmədiyimizə inana bilmirdik.

Yəqin ki, oxumuş olarsız, ailəm də fərqli ölkələrdə böyüyüb. Həyat yoldaşım ispandı, iki qızımızı Barselonada böyüdürük. Bu, xüsusi situasiyadı, çünki qızlarım da mən qazanan təcrübəni – başqa ölkədən olmaq və həyatı başqa formada görmək - qazanırlar. Şübhə yox ki, qızlarım ən böyük fanatlarımdılar.

Turnir başlamamışdan öncə etməli olduğum özəl bir şeyi etdim: sifariş verdim. Və bir gün əlimdə qutularla evə gəldim. Qızlarım üçün idi – iki Xorvatiya forması. Mənə dedilər ki, formalarını əyinlərindən çıxarmaq istəmirlər.

Bu hisslər mənə çox yaxşı tanış idi.

Yazı: İvan Rakitiç ("The Players' Tribune" üçün)
Tərcümə: Rüfət Məcid (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş