Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının birinci günündə maraqlı idman mübarizəsi yaşanıb



Sentyabrın 16-da Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verilib.

BrendSport.az xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın birinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayıblar.

Milli komandamızın heyətində ilk olaraq Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxış etdiyi A qrupunda V.Qudis 17-ci, Z.Ağamirova isə 19-cu nömrə altında halqa ilə proqramda çıxış ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparıb. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışıblar. İlk günün nəticəsinə görə, Z.Ağamirova 27-ci, V.Qudis isə 56-cı olublar.

Çempionatın birinci gününü Rusiya təmsilçisi Dina Averina 23,650 xalla birinci pillədə başa vurub. Onun komanda yoldaşı Yekaterina Seleznyova 23,400 xalla ikinci olub. İlk üçlüyü 21,600 xalla bolqarıstanlı Boriana Kalein tamamlayıb.

Rusiya millisi dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında da birinci pillədə yer alıb. Rusiya komandasının hesabında 47,050 xal var. İkinci pillədə 42,500 xalla İsrail yer alıb. İtaliya seçməsi isə 42,250 xalla üçüncüdür. Azərbaycan komandası 35,950 xalla 19-cu pillədə qərarlaşıb.

Sentyabrın 17-də halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş