Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Rusiya-Azərbaycan dostluğuna aid tədbir keçirilib



“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində növbəti tədbir aprelin 26-da Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksində keçirilib.

BrendSport.az xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Adil Əliyev, Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Nəcəfov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təmsilçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrini, tarixini və adət-ənənələrini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxıblar.

Kompleksin direktoru Fuad Babayev çıxış edərək belə tədbirlərin şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılması baxımından önəmini qeyd edib. Rusiya xalqının, mədəniyyətinin və incəsənətinin ölkəmizdə çox sevildiyini vurğulayan direktor bildirib ki, tədbirin məqsədi şagirdlərin bu ölkənin tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılmasıdır. F.Babayev ölkəmizdə keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına marağın böyük olduğunu vurğulayaraq, bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycanın dünyada idman dövləti kimi tanındığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər turnirlər ölkəmizdə yeniyetmə və gənclərin idmana marağının artmasında mühüm rol oynayır. Federasiya prezidenti bu baxımdan iyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmini xüsusi qeyd edib.

Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb.

Sonra məktəbin şagirdləri Azərbaycan-Rusiya dostluğuna aid tamaşalar göstəriblər.

Tədbirdə Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramına daxil olan gimnastika, güləş, boks idman növləri üzrə ustad dərsləri keçirilib.

Qeyd edək ki, “Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.


Facebook-da paylaş