Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Anar Allahverdiyev: Əsas hədəfimiz Avropa və dünya çempionatlarında karateçilərimizin uğurlu çıxışını təmin etməkdir

Anar Allahverdiyev: Əsas hədəfimiz Avropa və dünya çempionatlarında karateçilərimizin uğurlu çıxışını təmin etməkdir


Ötən ili karateçilərimiz uğurla başa vurublar. Dünyada hökm sürən pandemiya karateçilərimiz üçün də müəyyən çətinliklər yaratmasına baxmayaraq, komandamız qarşıya qoyulan hədəfə çatmaq üçün maksimum səy göstərib.
Bu sözləri BrendSport.az-a müsahibəsində karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev bildirib.
2021-ci ildə nəticələrin qənaətbəxş olduğunu bildirən baş məşqçi milli komandanın 3 beynəlxalq turnirdə tam heyətlə iştirak etdiyini qeyd edib: “Yeniyetmə və gənclərdən ibarət seçmə komandamız əvvəlcə Belarusun paytaxtı Minskdə “Unmei Cup” beynəlxalq turnirdə mübarizə aparıb. Həmin yarışda idmançılarımız uğurla çıxış edərək 22 medal qazanıblar. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında birinci olub. Bu nəticə, həm də ona görə qənaətbəxş idi ki, yeniyetmə və gənclərin seçmə komandası bir il üç aylıq fasilədən sonra ilk turnirdə iştirak edirdi. Karateçilərimiz növbəti yarışda - iyunda Kiprdə keçirilmiş Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan Gənclər Liqasında 4 (3 qızıl, 1 gümüş, 3 bürünc), daha sonra iyulda Xorvatiyanın Poreç şəhərində 50 ölkənin iştirakı ilə təşkil edilmiş növbəti analoji turnirində 7 (3 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıblar. Dünya Karate Federasiyasının bu rəsmi turnirləri, həm də avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı”.
A.Allahverdiyev bildirib ki, yığmanın məhz bu yarışlarda əldə etdiyi nailiyyətlər onların yaxşı formada olduğunu bir daha nümayiş etdirib. O, beynəlxalq turnirlərlə yanaşı, karateçilərin bir neçə təlim-məşq toplanışında da iştirakı üçün hər bir şəraitin yaradıldığını bildirib. Məşqçi qeyd edib ki, məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitində müxtəlif yaş qrupları üzrə idmançıların fiziki, taktiki və texniki, eləcə də psixoloji hazırlığı üçün federasiya rəhbərliyi bütün imkanları səfərbər edib və hazırlıq prosesləri zamanı idmançıların hazırlığı ilə yanaşı, onların sağlamlığı da diqqət mərkəzində olub. A.Allahverdiyev ötən ilin ilk ən böyük yarışlarından olan və Tamperedə keçirilmiş yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında komandamızın uğurla çıxış edərək 3-cü yeri tutduğunu bildirib: “Tamperedə keçirilmiş qitə çempionatında karateçilərimizdən 4-ü finalda mübarizə apardı. Təəssüf ki, təmsilçimiz Rumil Cəfərliyə qarşı qərəzli mövqe olduğu üçün komanda qızıl medaldan məhrum oldu. Bu gümüş mükafatın əvəzində qızıl medal qazansaydıq, Azərbaycan ümumi komanda hesabında 45 ölkə arasında ikinci olacaqdı. Buna baxmayaraq 3-cü yer də yüksək nəticədir. Nəzərə alsaq ki, 10 ölkə yarışı əliboş tərk edib, 7 milli komanda isə 3 yaş dərəcəsində yalnız bir bürünc medala sahib ola bilib. Onu da qeyd edim ki, yarışa yollanan gün yeniyetmələrdən 4 idmançımızın COVID-19 testi pozitiv çıxdığından heyətdən kənarda qaldılar. Halbuki onların da medal şansları böyük idi”.
Məşqçi ötən il karateçilərin Rusiyanın Kazan şəhərində keçirilmiş MDB Oyunlarında da qənaətbəxş çıxış etdiklərini bildirib. Belə ki, MDB Oyunlarında 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri 9 medal qazanıblar.
A.Allahverdiyev 2022-ci ildə yeniyetmə və gənclərdən ibarət komandamızın daha böyük nəticələrə imza atması üçün bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, Praqada Avropa çempionatının əvvəlcə bu ilin fevralında keçirilməsi nəzərdə tutulsa da, daha sonra iyuna təxirə salınıb. Bu ilin oktyabrında isə Türkiyənin Konya şəhərində dünya çempionatı keçiriləcək. Məşqçi ötən ilin dekabrın son günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda “Olimpiya ümidləri” turnirinin keçirildiyini, həmin yarışın nəticələrinə əsasən karateçilərin də yığmaya cəlb edildiyini bildirib. Baş məşqçi onu da qeyd edib ki, idmançıların öz potensiallarını üzə çıxarması üçün federasiya tərəfindən hər bir şərait yaradılır. Belə ki, respublika çempionatında 3 yerin sahibi yığma komandada yer alır. Amma onlarla yanaşı, ölkədaxili digər turnirlərdə fərqlənənlər, eyni zamanda, xəstəlik, yaxud zədə səbəbindən yarışda iştirak edə bilməyən idmançılar da diqqət mərkəzindədir və onlara da öz imkanlarını üzə çıxarmaq üçün hər bir şərait yaradılır. Ümumiyyətlə, respublikanın bütün bölgələrindən olan istedadlı karateçilər diqqət mərkəzindədir. “Qaraqaplan”, “Arpaçay” idman klubları, Mərkəzi Karate Məktəbi, UGİM-lər və digər idman ocaqlarında aşağı yaş qruplarında çoxlu sayda potensialli karateçilər yetişir. O, son 3-4 ildə gənclərdən ibarət yığma komandadan böyüklərə 8 Avropa çempionu, 2 dünya ikincisi, eləcə də Avropa çempionatı və dünya çempionatlarının mükafatçısı olan karateçilərin keçdiyini qeyd edib.
Məşqçi əsas hədəfin Avropa və dünya çempionatlarında komandamızın uğurlu çıxışını təmin etmək olduğunu bildirib: “Qarşıda hazırlıqla bağlı Asiya ölkələri ilə iki təlim-məşq toplanışı nəzərdə tutulub. Bundan başqa, Avropa çempionatına qədər Xorvatiya, Meksika, Belarus, Kiprdə beynəlxalq turnirlər var. Pandemiya şəraitində yarışların baş tutub-tutmayacağı ilə bağlı əvvəlcədən fikir söyləmək çətindir. Fevralın 12-14-də Bakı İdman Sarayında Avropa çempionatına hazırlıq çərçivəsində seçimlər keçirəcəyik. Əslində, bu yarışa seçimləri etmişdik. Amma qitə çempionatının vaxtı dəyişdiyindən yeni seçimlər etməyə məcbur olduq. Dünya çempionatına da yeni seçimlər edəcəyik. Təbii ki, yeniyetmə və gənclərdən ibarət komanda yaş qruplarına görə tez-tez yeniləndiyindən bəzən işimizdə çətinliklər yaranır. Müxtəlif çəki dərəcələrində boşluq yaranmasın deyə ehtiyat qüvvələrin seçiminə xüsusi diqqət yetiririk. Uzunmüddətli hədəfimiz isə 2026-cı ildə Dakarda keçiriləcək Yeniyetmə və Gənclərin Olimpiya Oyunlarına hazırlığın yüksək səviyyədə təşkilidir”.


Facebook-da paylaş

Xəbəri paylaş