Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoçularımızın dünya çempionatında çıxışları yüksək qiymətləndirilib



Gənclər və İdman Nazirliyində Böyük Britaniyanın Mançester şəhərindəki dünya çempionatında uğur qazanan taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

BrendSport.az xəbər verir ki, görüşdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dünya çempionatında taekvondoçularımızın parlaq qələbə qazandıqlarını bildirib. Qeyd edib ki, idmançılarımızdan birinin fəxri kürsünün ən yüksək pilləsinə qalxması, digərinin üçüncü yeri tutması, eyni zamanda, “Tokio 2020” Olimpiadasına lisenziya xalları qazanması böyük uğurdur. Bu münasibətlə idmançılarımızı, məşqçilərini və federasiya rəhbərliyini təbrik edən İsmayıl İsmayılov deyib ki, 154 ölkə arasında kişilərin komanda yarışında beşinci, qadınların mübarizəsində yeddinci yeri tutmaq uğurlu nəticədir.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Sevindirici haldır ki, idmançılarımız dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək etimadını layiqincə doğruldurlar. Ölkəmizdə inkişafda olan idman növlərindən biri də taekvondodur. Bu gün Bakı ilə yanaşı, regionlarda da idmanın müxtəlif növləri, o cümlədən taekvondo üzrə yarışlar keçirilir. Bu yarışlar ölkəmizdə idmanın kütləviliyinin artırılmasında böyük əhəmiyyət kəsb edir. İdmanın bu növü üzrə Olimpiya, dünya çempionlarının və mükafatçılarının olması və yarışlarda qazanılan nailiyyətlər taekvondoya və idmançılarımıza qayğının bariz nümunəsidir.

Dünya çempionatının gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bildirib ki, Milad Beigi Hərçəqani qızıl medal qazanmaqla öz reytinqinə 120 xal əlavə etdi. O, dünya reytinqində sıralamada da birinci yerə yüksəldi. Fəridə Əzizovanın üçüncü yeri tutması isə onun potensialını nümayiş etdirdi. Bu dünya çempionatı növbəti turnirlərə hazırlaşmaq üçün ciddi sınaq idi. Əsas məqsəd 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına daha çox taekvondoçu ilə qatılmaqdır.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov qeyd edib ki, dünya çempionatında mükafatçılarımızın sayı daha çox ola bilərdi. Üç idmançımız medal uğrunda döyüşlərdə uduzdu. Bununla yanaşı, M.Hərçəqani taekvondo üzrə ikiqat dünya çempionu olmaqla, bu idman növündə gözəl bir ənənənin təməlini qoydu. Onun final görüşünü Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və digər fəxri qonaqlar izlədilər. Onların himnimizi dinləməsi bizə böyük qürur hissi bəxş etdi. Komandamız növbəti həftədən beynəlxalq Qran–Pri turnirlərinə hazırlıqlara başlayacaq və təlim-məşqlərə çıxacaq.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev taekvondoçularımızın hazırlıq prosesi, heyətin seçilməsindən danışıb. O bildirib ki, dünya çempionatına hazırlaşmaq üçün yığma komandanın üzvləri yanvar ayından beş beynəlxalq turnirdə iştirak edib. Komandaya 54 və 63 kiloqram çəki dərəcələrində gənc idmançılar cəlb olunub. Ramin Əzizov və gənc idmançımız Cavad Ağayev yalnız yarımfinalda medal döyüşündə uduzaraq mükafatçılar sırasına düşə bilmədilər. O, Radik İsayevin və Fəridə Əzizovanın növbəti Qran-Pri yarışları vasitəsilə reytinqdə ilk beşliyə düşərək Olimpiya Oyunlarında iştirak edəcəklərinə əminliyini bildirib.

Mundailda qızıl medal qazanan M.Hərçəqani bundan sonra da səylə çalışacağını və növbəti yarışlarda da nəticələrinin yüksək olması üçün var gücü ilə mübarizə aparacağını bildirib. İkiqat dünya çempionu M.Hərçəqani iki il əvvəl qazandığı ilk medalının onun üçün daha əhəmiyyətli olduğunu vurğulayıb.

Dünya çempionatında üçüncü yeri tutan Fəridə Əzizova deyib ki, növbəti mundialda məhz birincilik üçün döyüşəcək: “Çinli rəqibimi əvvəlcədən tanımadığım və onun fiziki imkanları daha yaxşı olduğu üçün uğur qazana bilmədim. Artıq onun da görüşlərini izləyib, həmin rəqibimə qarşı daha inamla çıxış edəcəyəm”.

Görüşdə qadınlardan ibarət milli komandanın baş məşqçisi Elnur Amanov diqqətə çatdırıb ki, bu il keçiriləcək növbəti dörd Qran-Pri yarışında ən yüksək lisenziya xalları toplayaraq “Tokio-2020” Olimpiadasına daha çox vəsiqə qazanmağa çalışacağıq.

Xatırladaq ki, mayın 15-19-da Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə böyüklər arasında dünya çempionatına 10 idmançı ilə qatılan Azərbaycan yığma komandası aktivinə iki medal yazdırıb. Yarışda millimizin titullu idmançılarından olan M.Hərçəqani 80 kiloqram çəki dərəcəsində ikiqat dünya çempionu olub. Qadın taekvondoçumuz Fəridə Əzizova isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.



Facebook-da paylaş

Xəbəri paylaş