Əsas Səhifə > Redaktor seçimi > Tahir Gözəl: Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq

Tahir Gözəl: Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq


9-09-2020, 20:27
Tahir Gözəl: Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq


Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə “Qarabağ” klubu tam haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib.
BrendSport.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” komandası ilə oyunun keçiriləcəyi yer barədə klubun “Facebook” səhifəsinə açıqlamasında deyib.
“Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşkün nəticəsinə əsasən biz Norveçdə oynamalı olsaydıq, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən boyun qaçırır, neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın üçüncü ölkədə keçirilməsi haqqında qərar verilsə razılıq verəcəyik. Buna səbəb bizim futbolu idman kimi, yəni, mübarizənin masa arxasında deyil, yaşıl meydanda yaşandığı oyun kimi görməyimizdir. Mən komandamıza inanıram. Bu qələbənin yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm”.
Qeyd edək ki, püşkün nəticəsinə əsasən, oyun sentyabrın 15-16-da Bakıda keçirilməlidir. Lakin “Molde” klubu Bakıdan qayıdanda Norveçdə on günlük karantin rejimində qalacaqlarını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını istəyib. “Qarabağ” isə bu istəklə razılaşmayıb. Norveç hökuməti “Molde” klubunun futbolçuların karantinə alınmaması barədə müraciətini mənfi cavablandırıb. Bu səbəbdən qarşılaşmanın tarixi və yeri hələ müəyyənləşməyib.
Geri qayıt