Əsas Səhifə > Redaktor seçimi > Nigar Arpadarai: 2016-2019-cu illərdə keçirilən Formula 1 yarışları Azərbaycan iqtisadiyyatına böyük fayda verib
Nigar Arpadarai: 2016-2019-cu illərdə keçirilən Formula 1 yarışları Azərbaycan iqtisadiyyatına böyük fayda verib15-01-2020, 21:52 |
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, 2016-2019-cu illərdə Bakıda təşkil edilən Formula 1 yarışları ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verib. BrendSport.az xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yanvarın 15-də təşkil olunan mətbuat konfransında deyib. N.Arpadarai bildirib ki, araşdırmanın nəticələrinə görə, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Hesabatda 506,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula 1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. “Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektoru tutur. Bakıda keçirilmiş dörd Formula 1 yarışı ərzində qeydə alınmış birbaşa gəlirlərin 73,8 milyon dolları məhz bu sektorların payına düşür. Həmin dövrdə ümumilikdə birbaşa gəlirlər 300,6 milyon dollar təşkil edib. Bu göstəriciyə Formula 1 ilə əlaqədar Bakıya gələn qonaqlara və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və sair istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bununla birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir. Dörd Qran-Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205,7 milyon dollar təşkil edib”, - deyə BŞH rəsmisi diqqətə çatdırıb. N.Arpadarai bildirib ki, gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çoxlu sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016-cı və 2017-ci illərdə 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018-ci və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib. Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula 1 yarışlarının böyük rol oynadığını deyən BŞH-nin rəsmisi vurğulayıb ki, 2018-ci ildə keçirilən Azərbaycan Qran-Prisini 82,3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10 faiz artaraq 90,2 milyon nəfər təşkil edib. BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib: “Sponsorluq danışıqlarını davam etdiririk. Qarşıdakı iki ay ərzində hər şey dəqiqləşəcək. Əsas hədəfimiz tamaşaçı sayını artırmaqdır. Azərbaycandan bilet alanların sayı hələ ki çox deyil. Bu günədək biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz azarkeşlərin, xüsusilə turistlərin sayını artırmaqdır. Çünki onların Azərbaycana axını ölkəyə gəlir gətirəcək. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Əgər ötənilki Qran-Priyə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə onların sayının daha çox olacağına inanırıq”. Ötən illərlə müqayisədə biletlərin alınmasında İngiltərə, Almaniya, Niderland, Finlandiya və Avstriyanın ilk pillədə qərarlaşdığını deyən B.Özərdim bildirib ki, əsas məqsəd biletlərin regiondan deyil, uzaq məsafələrdən alınmasına nail olmaq idi. “PwC Azərbaycan” beynəlxalq audit şirkətinin nümayəndəsi Bəhruz Hüseynzadə BŞH ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını və qurumun müraciətinə əsasən ikinci hesabatın hazırlandığını diqqətə çatdırıb. Qeyd edək ki, builki Formula 1 Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək. Geri qayıt |