Əsas Səhifə > Redaktor seçimi > Azadlığa gedən yol
Azadlığa gedən yol10-01-2019, 16:19 |
BrendSport.az xəbər verir ki, 10 yanvar 2019-cu il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon 2 saylı tam orta məktəbin kitabxanasında Salyan rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən razılaşdırılmış və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş iş və tədbirlər planına əsasən 20 Yanvar hüzn gününə həsr edilmiş rayon ümumtəhsil məktəbləri arasında “Azadlığa gedən yol” adlı şeir və rəsm müsabiqəsi keçirilmişdir. İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini qıra bilmədi. Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı. Şəhidlərimizin xatirəsi daim ehtiramla anılır. Çünki şəhidlik adını almaq ölməzlik zirvəsinə ucalmaqdır. Məhz bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Hələ Ulu Öndər Heydər Əliyevin sağlığında bu tarix ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Məhz onun təşəbbüsü ilə Şəhidlər Xiyabanında "Əbədi məşəl" möhtəşəm abidə kompleksi ucaldılmışdır. Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu. Daha sonra çəkimiş rəsm işlərindən ibarət sərgiyə baxış keçirən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan Dövlət Rəsm Qalereyasının direktoru İman Mustafayev nümayiş etdirilən rəsmlərlə yaxından tanış oldu. Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən şeir və rəsm müsabiqəsinin qaliblər müəyyən edildi. Münsiflər heyətinin qərarına əsasən şeir müsabiqəsində III yeri Sarvan kənd tam orta məktəb, II yeri Kürqaraqaşlı kənd tam orta məktəb, I yeri isə 4 saylı tam orta məktəb qazandı. 2 saylı tam orta məktəb, Aşağı Noxudlu kənd tam orta məktəb və Seyidsadıqlı kənd tam orta məktəb şeir müsabiqəsinin fərqlənmiş iştirakçıları seçildilər. Rəsm müsabiqəsində III yeri 4 saylı tam orta məktəb, II yeri 8 saylı tam orta məktəb, I yeri isə Aşağı Noxudlu kənd tam orta məktəb qazandı, Quyçu kənd ümumi orta məktəb, Sarvan kənd tam orta məktəb, 6 saylı tam orta məktəb və Aşağı Kürkənd kənd tam orta məktəb rəsm müsabiqəsinin fərqlənmiş iştirakçıları seçildilər. Qaliblər və fərqlənmiş iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif edildilər. Geri qayıt |