Əsas Səhifə > Redaktor seçimi > “Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub

“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub


19-12-2018, 11:10


Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Gündəliyi-2020” Komissiyasının ikiillik fəaliyyətinə dair iclas keçirilib.

MOK-dan BrendSport.az-a bildiriblər ki, iclasda komissiyanın sədri Azər Əliyev, Olimpiya çempionları - Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin direktoru Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, eləcə də MOK-un informasiya və nəşrlər idarəsinin müdiri Cəmaləddin Rəhmanov, marketinq idarəsinin müdiri Mehman Kərimov və digərləri iştirak ediblər.

Bildirilib ki, “Olimpiya Gündəliyi 2020” Komissiyasının fəaliyyətinin əsas istiqaməti sağlam və fəal həyat tərzinin kütləvi informasiya vasitələrinin dəstəyi ilə cəmiyyətə çatdırılmasıdır. Bu məqsədlə Komissiya 2017-ci ildə “Space” Müstəqil Teleradio Şirkəti ilə “İdman hamı üçün” verilişini hazırlayıb. Bu günədək 30 veriliş yayımlanıb. MOK-un səfiri Tünzalə Ağayevanın iştirakı ilə Olimpiya və qeyri-Olimpiya idman növləri, antidopinq və qış idman növlərinə həsr edilən xüsusi verilişlər təqdim olunub.

MOK-un yeni layihəsi olan “Olimpiya mədəniyyəti və təhsil proqramı” isə “Bakı 2019” Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalı çərçivəsində Olimpiya dəyərləri və hərəkatının təşviqidir. Layihə çərçivəsində “Olimpiya Gündəliyi 2020”nin tövsiyələrinə uyğun olaraq, ölkədə Olimpiya təhsilinin gücləndirilməsi, Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının ölkə daxilində və xaricində təbliği, məktəblilər arasında bədən tərbiyəsi və idmanın təşviqi əsas məqsədlərdəndir.

İclasda “Space” Televiziyası ilə əməkdaşlıq, “İdman hamı üçün” və “Olimpiya mədəniyyəti və təhsil proqramının” gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

“Olimpiya Gündəliyi 2020” proqramı 2014-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilmiş 127-ci sessiyasında yekdilliklə təsdiq edilib.

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi 2020” proqramına dəstək olaraq ötən ilin yanvarında Azərbaycanda “Olimpiya Gündəliyi 2020” Komissiyası yaradılıb. Komissiyanın əsas məqsədi 2017-2020-ci illərdə Azərbaycanda Olimpiya hərəkatının kütləviliyini təmin etmək, Olimpiya təhsilini gücləndirmək, “Dayanıqlı inkişaf”, “Gender bərabərliyi”, “İdman hamı üçün” və s. istiqamətlərdə inkişafa nail olmaqdır.
Geri qayıt