Əsas Səhifə > Redaktor seçimi > Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib

Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib


8-12-2018, 15:00


Futbol üzrə milli komanda ilə yanaşı, “Qarabağ” klubunun nəticələri də bizim üçün vacibdir. Lakin təcrübə göstərdi ki, baş məşqçi üçün iki yerdə çalışmaq çox çətindir. Qurban Qurbanovla bağlı qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin. Buna görə də milli komandanı çalışdırmasına dair onunla imzalanan müqaviləyə xitam verildi. AFFA İcraiyyə Komitəsi Qurban Qurbanova minnətdarlığını bildirdi. Təəssüf ki, Azərbaycan yığma komandasının UEFA Millətlər Liqasında çıxışı uğurlu olmadı.

BrendSport.az xəbər verir ki, bu sözləri dekabrın 8-də AFFA-nın baş katibi Elxan Məmmədov

milli komandanın baş məşqçisi Qurban Qurbanovun istefası ilə bağlı açıqlamasında deyib.

Baş katib bildirib ki, futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə də müqavilələrə xitam verilib. Gənclərdən ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov, U-18 komandanın çalışdırıcısı Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət seçməmizin baş məşqçisi Ramin Quliyev də istefaya göndəriliblər. U-19 millimizin baş məşqçisi Vüqar Məmməd vəzifəsində saxlanılıb. Bu, millimizin yaxın aylarda Avropa çempionatının elit-raundunda çıxışı ilə əlaqədardır.

İclasda klubların gəlir və xərcləri barədə də qərarların qəbul olunduğunu deyən E.Məmmədov AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son üç aydakı fəaliyyətinin yekunlarına dair hesabatının dinlənildiyini qeyd edib.
Geri qayıt