Əsas Səhifə > Redaktor seçimi > Lyubov Çerkaşina: Bütün dünya Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edə bilər
Lyubov Çerkaşina: Bütün dünya Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edə bilər1-12-2018, 13:53 |
Gimnastikanın dünya səviyyəsində inkişafı sahəsində Azərbaycan Gimnastika Federasiyasının (AGF) gördüyü nümunəvi işə görə ona təşəkkür etmək lazımdır. BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bu fikirləri Beynəlxalq Gimnastika Federasiyasının Bakıda keçirilən Konqresində bədii gimnastika üzrə Belarus yığmasının baş məşqçisi Lyubov Çerkaşina söyləyib. Baş məşqçi əlavə edib: “Mənə elə gəlir ki, bütün dünya Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edə bilər. Bu federasiyanın üzərinə götürdüyü gimnastika tədbirlərinin sayı bizi heyrətləndirir. Həm də AGF o qədər də böyük olmayan heyətlə bütün bu tədbirlərin öhdəsindən gəlir. Bu, heç də asan başa gəlmir. AGF digər federasiyalar üçün bir nümunədir. Öz idman növünü yaxşı beynəlxalq münasibətlər yolu ilə inkişaf etdirmək istəyənlər məhz Azərbaycan Gimnastika Federasiyası kimi hərəkət etməlidir. Bu, əsl həqiqətdir”. L.Çerkaşina daha sonra vurğulayıb: “Bakı yarışların keçirilməsi üçün əlverişli məkan imicini çoxdan, hələ 2015-ci il I Avropa Oyunlarına qədər qazanıb. Hər kəs böyük məmnuniyyətlə bu şəhərə gəlir və çox gözəl bilir ki, hansı idman növü üzrə keçirilməsindən asılı olmayaraq, bütün yarışlar ən yüksək səviyyədə təşkil olunacaq. Dövlətin bu işə dəstək verməsi mühüm amildir, çünki bu dəstəyi alanlar pis işləyə bilməzlər. Axı bu fəaliyyətin məqsədi ölkənin inkişafının, onun yüksək mədəni səviyyəsinin nümayiş etdirilməsidir. Bütün bu amillər Bakıya dünya idmanının liderlərindən birinə çevrilmək imkanı verir”. Konqresə gəldikdə, bədii gimnastika üzrə Belarus yığmasının baş məşqçisi gimnastika idman növünün zamanla ayaqlaşması üçün yeni islahatlara hazırlığın əhəmiyyətini qeyd edib. “Düşünürəm ki, hamımız gimnastikanın bütün növlərinin inkişafına ən böyük ümidlər bəsləyirik. Konqresdə dəyişiklikdən qorxmamaq mühümdür, çünki inkişafa aparan yol ondan keçir. Hər hansı yeniliyi qəbul etmək o qədər asan deyil, lakin dünya da daim hərəkətdədir. Biz beynəlxalq Olimpiya hərəkatına və gələcək inkişafa uyğun hərəkət etməliyik. Ona görə də, düşünürəm ki, Konqres bizim islahatların zəruriliyi və alışılan formatlardan çıxmaq istəyimizi əks etdirməlidir. Gimnastika daim diqqət mərkəzində olmalıdır. Mən demirəm ki, biz haçansa futbolçular kimi populyar olacağıq, amma istərdim ki, bir çoxlarının gimnastlar arasında öz favoritləri olsun”, deyə baş məşqçi sözlərinə yekun vurub. Geri qayıt |