Əsas Səhifə > --- > BrendSport.az əməkdaşları beynəlxalq "Baku Open" turnirində yüksək nəticələr əldə ediblər

BrendSport.az əməkdaşları beynəlxalq "Baku Open" turnirində yüksək nəticələr əldə ediblər


Bu gün, 12:33
Bir neçə ölkədən jurnalistlərin iştirak etdiyi beynəlxalq "Baku Open" stolüstü tennis turniri maraqlı idman mübarizəsi və yüksək rəqabət şəraitində başa çatıb. Turnirdə BrendSport.az informasiya portalının əməkdaşları da uğurla çıxış edərək yüksək nəticələrə imza atıblar.

Kişilər arasında keçirilən yarışlarda BrendSport.az-ın baş redaktoru Bəhruz Səmədov peşəkar və inamlı oyunu ilə bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi olub və I yerə layiq görülüb.

Xanımlar arasında keçirilən yarışlarda isə BrendSport.az-ın redaktoru Məhluqə Nəsirova gərgin idman mübarizəsinin sonunda II yeri, saytın admini Sayala Bayramova isə III yeri qazanaraq kollektivimizin uğurlarına daha iki medal əlavə ediblər.

Bir neçə ölkədən media nümayəndələrinin, jurnalistlərin və idmansevərlərin iştirak etdiyi belə nüfuzlu beynəlxalq turnirdə əldə olunan bu nəticələr BrendSport.az əməkdaşlarının idmana olan bağlılığını və sağlam həyat tərzinin təbliğinə verdiyi önəmi bir daha nümayiş etdirib.

Qeyd edək ki, BrendSport.az yalnız idman xəbərlərinin yayımlandığı media qurumu deyil, eyni zamanda uzun illərdir ölkədə idmanın, sağlam həyat tərzinin, vətənpərvərliyin və gənclərin inkişafının təbliği istiqamətində müxtəlif sosial layihələrin və idman tədbirlərinin təşkilatçısı kimi də tanınır.

Portalın rəhbəri Bəhruz Səmədovun təşkilatçılığı ilə son illər ərzində onlarla respublika və beynəlxalq səviyyəli idman turnirləri, media yarışları və sosial layihələr həyata keçirilib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan "İlhamlı Qələbələr – Böyük Qayıdış" festivalı çərçivəsində müxtəlif idman yarışları, media nümayəndələri arasında turnirlər, şəhid ailələri, müharibə veteranları və qazilərin iştirakı ilə silsilə tədbirlər təşkil olunub.

BrendSport.az Vətən müharibəsindən sonra qazilərimizin cəmiyyətə və idmana adaptasiyasına dəstək məqsədilə stolüstü tennis, mini futbol və digər idman növləri üzrə yarışların keçirilməsində də fəal iştirak edib. Bu layihələrin əsas məqsədi qazilərimizin sosial həyata inteqrasiyasına töhfə vermək, onların idmana marağını artırmaq və sağlam həyat tərzini təşviq etmək olub.

Bununla yanaşı, BrendSport.az məktəblilər arasında idmanın inkişafına xüsusi diqqət ayırır. Müxtəlif ümumtəhsil məktəblərində keçirilən stolüstü tennis, mini futbol və digər idman yarışları, maarifləndirici layihələr, eləcə də fiziki məhdudiyyətli uşaqlar, autizmli və Daun sindromlu uşaqlar üçün təşkil olunan əyləncəli proqramlar, idman yarışları və sosial tədbirlər portalın fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

BrendSport.az kollektivi hesab edir ki, idman yalnız yarış və nəticə deyil, həm də cəmiyyətin birliyi, sağlam nəslin formalaşması, vətənpərvərlik ruhunun gücləndirilməsi və sosial həmrəyliyin möhkəmləndirilməsi üçün ən vacib vasitələrdən biridir. Məhz bu prinsiplə fəaliyyət göstərən portal gələcəkdə də yeni layihələr və beynəlxalq əməkdaşlıqlarla idmanın inkişafına öz töhfəsini verməyə davam edəcək.

BrendSport.az kollektivi adından beynəlxalq "Baku Open" turnirində uğur qazanan əməkdaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər, möhkəm cansağlığı və yeni qələbələr arzulayırıq.

Sonda bir daha xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası, AZERTRANS LTD, Beynəlxalq Stolüstü Tennis Federasiyası və Sportsman jurnalının birgə təşkilatçılığı ilə keçirilən "Baku Open" beynəlxalq stolüstü tennis turnirinə dəstək göstərən dəyərli sponsorlar – "BETA" və "Çempion Çay", "Ofissa Dizayn", Azərbaycanın saat brendi "VMF", "Roskko" ət məhsulları, "İpydə Parfum", "Almond" şirniyyatları və "Full" sərinləşdirici içkilərinə göstərdikləri etimada, turnirin yüksək səviyyədə təşkilinə və ümumilikdə ölkəmizdə idmanın inkişafına verdikləri dəyərli dəstəyə görə BrendSport.az informasiya portalı adından səmimi təşəkkürümüzü bildiririk.

İdmanın inkişafına göstərdikləri bu dəyərli dəstəyin bundan sonra da davamlı olmasını, "Baku Open" kimi nüfuzlu beynəlxalq turnirlərin uzunömürlü, uğurlu və ənənəvi xarakter alaraq hər il daha geniş miqyasda keçirilməsini arzulayırıq.

Geri qayıt