Əsas Səhifə > Ölkə idmanı > Şamaxıda “Qızlar futzal kuboku” turniri təşkil olunub

Şamaxıda “Qızlar futzal kuboku” turniri təşkil olunub


6-03-2023, 09:23
Şamaxıda “Qızlar futzal kuboku” turniri təşkil olunub

AFFA-nın təşkilatçılığı ilə Şamaxıda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

BrendSport.az
xəbər verir ki, turnirin ilk günü 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub. Şamaxı Olimpiya İdman Kompleksinin idman zalında təşkil edilən turnirdə 12 məktəb və 119 qız futbolçu qeydiyyatdan keçib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və idman ayaqqabıları ilə təmin olunub.

Göylər 2 nömrəli tam orta məktəb turnirin qalibi olub. İki nömrəli tam orta məktəb və Şəhriyar qəsəbəsi 4 nömrəli tam orta məktəbin komandaları ilk üçlükdə yer alıblar.
Dörd qolla Göylər 2 nömrəli tam orta məktəbin şagirdi Nuray Yusifova turnirin ən məhsuldar oyunçusu olub. İki nömrəli tam orta məktəbin şagirdi Nailə Bağırova ən yaxşı oyunçu, Şəhriyar qəsəbəsi 4 nömrəli tam orta məktəbin şagirdi Xanım Ağamuradlı isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.

Mükafatları Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov, AFFA-nın qadın futbolu departamentinin rəisi Əminə Həsənova və 17 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi daha üç müxtəlif regionda keçirilməsi planlaşdırılır.
Geri qayıt