Əsas Səhifə > Ölkə idmanı > Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək
Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək28-11-2017, 16:30 |
Dekabrın 14-dən 18-dək Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə veriləcək. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar. Azərtac.az Geri qayıt |