Əsas Səhifə > Ölkə idmanı / Maraq > “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar
“Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar23-12-2022, 14:50 |
Azərbaycan Velosiped Federasiyasının (AVF) bu il iyunun 3-də - Beynəlxalq Velosiped Günündə elan etdiyi “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsinin qalibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, dekabrın 23-də AVF-nin təşkilatçılığı ilə Daş Salnamə Muzeyində keçirilən qaliblərin mükafatlandırılması mərasimi və müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgidə AVF-nin prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, AVF-nin vitse-prezidenti Fuad Hacıyev, Xalq rəssamı, müsabiqənin münsiflər heyətinin üzvü Sirus Mirzəzadə, görkəmli fırça ustaları, idman federasiyalarının rəhbər şəxsləri, əsərləri sərgilənən müəlliflər, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə velosiped idmanına həsr olunmuş installyasiya, qədim tarixdən müasir dövrədək velosipedin inkişafını əks etdirən bu ekoloji təmiz nəqliyyat vasitəsinin müxtəlif nümunələri, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının videomaterialları, həmçinin məşq trenajorunda velosipedçilərin hərəkətlərini izləyib, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgi ilə tanış olublar. Sərgi zamanı AVF-nin velosiped idmanının təbliği və təşviqi üçün böyük ictimai əhəmiyyətli tədbirlər keçirdiyi, federasiyanın uğurlu nəticələrə imza atdığı, işğaldan azad ediləndən sonra 2022-ci ilin iyulunda Şuşa şəhərində ilk beynəlxalq yarışın - “Əziz Şuşa” beynəlxalq velosiped yarışının uğurla təşkil edildiyi vurğulanıb. Qeyd olunub ki, “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinin təşkilində əsas məqsəd ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması, eləcə də velosipedçilərin müxtəlif yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğur qazanmaq, onların idman karyerasına dəstək üçün yaradıcı potensialı olan hər kəsi cəlb etməklə mövzu baxımından velosiped idmanı ilə bağlı rəsm əsərlərinin yaradılmasına stimul verməkdir. Bildirilib ki, sentyabrın sonunda yekun vurulan “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinə 200-dən çox müxtəlif və rəngarəng rəsm əsərləri təqdim olunub. Tanınmış rəssamlar, sənətşünaslar və mütəxəssislərdən ibarət münsiflər heyəti müsabiqənin tələblərinə uyğun olaraq üç əsas və üç həvəsləndirici qalib seçib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsinin də sürətlə inkişaf etdiyini bildirib. O, müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir belə tədbirlərin gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, idmanın kütləviləşdirilməsi, eyni zamanda, digər sahələrdə uğur qazanan gənclərə dəstək olmaq istiqamətində mühüm addımlar olduğunu vurğulayıb. F.Qayıbov AVF-nin prezidenti M.Quliyevə idmanın inkişafı istiqamətində dövlət siyasətinə dəstək olduğuna görə minnətdarlığını bildirib, Gənclər və İdman Nazirliyinin hər zaman idman federasiyalarının yanında olduğunu vurğulayıb. Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən, Ülkər Məmmədova qalib adına layiq görülüb. İkinci və üçüncü yerləri isə Pərvanə Əhmədli, Təranə Qaraliyeva tutublar. Həvəsləndirici yerlərə Nərmin İsmayılzadə, Kəmalə Kerriqan və Nurgül Əliyeva layiq görülüblər. Birinci yerin qalibinə fəxri diplom və üç min manat pul mükafatı verilib. İkinci yeri tutan fəxri diplom və 2 min, üçüncü yerin sahibi isə fəxri diplom və 1000 manat pul mükafatı alıblar. Həvəsləndirici yerlərin sahiblərinin hər birinə isə fəxri fərman və 500 manat pul mükafatı təqdim olunub. Digər rəssamlar AVF tərəfindən müsabiqənin iştirakçı diplomu ilə təltif olunublar. Sonda tədbir iştirakçıları Daş Salnamə Muzeyinin digər salonunda nümayiş olunan milli yaddaşımızın nümunələri ilə tanış olublar. Geri qayıt |