Əsas Səhifə > Ölkə idmanı > Milli Gimnastika Arenasında keçirilən Gimnastika üzrə birgə yarışların ilk qaliblərinə mükafatlar təqdim olunub
Milli Gimnastika Arenasında keçirilən Gimnastika üzrə birgə yarışların ilk qaliblərinə mükafatlar təqdim olunub24-11-2017, 17:00 |
Milli Gimnastika Arenasında keçirilən batut və tamblinq üzrə Azərbaycan və Bakı çempionatları, bədii gimnastika üzrə Bakı birinciliyi, həmçinin aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatının ilk qalibləri mükafatlandırılıb. Yarışların ikinci günündə aerobika təmsilçiləri və bədii gimnastlar bacarıqlarını nümayiş etdiriblər. Bədii gimnastika üzrə böyüklərin (2001-ci il təvəllüdlü və daha yuxarı yaşlılar) yarışında Zöhrə Ağamirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Veronika Hudis ikinci, Darya Sorokina üçüncü olublar. Aerobika üzrə 9-11 yaşlı gimnastların fərdi yarışında macarıstanlı Mira Santa-Feher qızıl medal qazanıb. Estoniyalı Anastasiya Jazokova gümüş, Adeli Tarum isə bürünc medala sahib olublar. Qadın üçlüklər arasında Estoniya birinci, Macarıstan ikinci, Azərbaycan üçüncü yeri tutub. Qadın qruplarda isə Azərbaycan gimnastları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Estoniyalı gimnastlar gümüş, digər təmsilçimiz bürünc medal qazanıblar. Qarışıq cütlüklərdə isə komanda dörddən az olduğu üçün Ruslan Ağayev və Elmira Qurbanovaya Azərbaycan Gimnastika Federasiya tərəfindən hədiyyələr təqdim olunub. Qeyd edək ki, dördgünlük birgə yarışlar çərçivəsində aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançılar iştirak edirlər. Onlar fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında beş yaş kateqoriyası (2009-2010-cu, 2006-2008-ci, 2003-2005-ci, 2000-2002-ci, 1999-cu il təvəllüdlülər və daha yuxarı yaşlılar) üzrə mübarizə aparırlar. Geri qayıt |