Əsas Səhifə > Ölkə idmanı > Prosineçki: “Hələ heç nə bilmirəm”

Prosineçki: “Hələ heç nə bilmirəm”


14-11-2017, 14:36




"Mətbuat yenə öz işindədi. Adımı müxtəlif yığmalarla birgə hallandırırlar".


Bu sözləri xorvatiyalı məşqçi Robert Prosineçki deyib.

Millimizlə müqaviləsinin müddəti gələn ay başa çatacaq 48 yaşlı çalışdırıcı ölkəsinin mətbuatına müsahibə verib.

Gələcək aqibəti haqda fikir bildirən Prosineçki hələ buna aydınlıq gəlmədiyini deyib: "Növbəti iş yerimin hara olacağını, həqiqətən də, bilmirəm. Bəli, danışıqlar aparıram. Amma hələ Bakıdayam. Əvvəl də dediyim kimi, qızım təhsilini davam etdirir. Necə olacağına baxacağıq".

Prosineçki daha sonra Xorvatiya yığması haqda danışıb. O, DÇ-2018-in pley-off mərhələsində Yunanıstanı mübarizədən kənarlaşdıran həmyerlilərini tərifləyib: "Zaqrebdəki oyundan sonra Xorvatiya yığmasının Rusiyaya yollanacağına dair məndə şübhə qalmamışdı. Futbolçular Yunanıstandakı qarşılaşmada çox güc sərf etməyərək, oynadılar. Çünki ilk matçda lazım olan nəticə əldə edilmişdi. Cavab görüşündə komandamız gözəl futbol göstərmədi. Amma bu, gözlənilən idi. Əsas odu ki, millinin heç bir oyunçusu zədələnmədi. Xorvatiya yığması mundialda yarışacaq, yəni dünyanın ən güclü komandalarının sırasında olacaq. Biz buna layiq idik".

Prosineçki Xorvatiya millisinin bu uğurunda baş məşqçi Zlatko Daliçin böyük rol oynadığını vurğulayıb. O, mundialın final mərhələsində də həmyerlilərindən yaxşı nəticə gözlədiyini qeyd edib: "Kim bilir, bəlkə də, Daliç "sehrli çubuq"dan istifadə etdi (gülür). Zarafat edirəm. Təbii ki, bu nəticədə Daliçin rolu böyükdü. Onun işə yanaşması, futbolçuları psixoloji baxımdan hazırlaması sözünü dedi. Xorvatiya yığması super oyunçulara malik, fantastik komandadı. Amma bu, faktdı ki, millimiz son illərdə özünə bənzəmirdi. Rusiyadakı yarış hazırkı futbolçu nəsli üçün son şans olacaq. Luka Modriç, Mario Mandzukiç və digərlərini nəzərdə tuturam. Onlar da bunu anlayırlar və böyük nəticəyə imza atmaq üçün bütün güclərini qoyacaqlar. İlk növbədə, qrupdan çıxmaq lazım gələcək, ondan sonra hər şey etmək mümkündü. Son Avropa çempionatını, həqiqətən, yaxşı keçirmişdik. Cəlbedici, gözəl futbol oynayırdıq. Amma Portuqaliya ilə dueldə bəxt bizdən üz döndərdi. Unutmayaq ki, uduzduğumuz komanda sonda Avropa çempionu adını qazandı".

Milli.Az
Geri qayıt