Əsas Səhifə > Ölkə idmanı > Bu gün futbol üzrə 16-cı Avropa çempionatı start götürəcək

Bu gün futbol üzrə 16-cı Avropa çempionatı start götürəcək


11-06-2021, 11:54


BrendSport.az xəbər verir ki, iyulun 11-dək davam edəcək çempionatda 24 komanda 6 qrupda mübarizə aparacaq.

A qrupunda yer alan Türkiyə və İtaliya komandalarının qarşılaşmasını niderlandlı referi Danni Makkeli idarə edəcək.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə UEFA-nın sabiq prezidenti Mişel Platininin “Avro-2020”nin oyunlarının bir neçə ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sınaq kimi UEFA 17 yaşlılar arasında Avropa çempionatının elit raund mərhələsini həmin formatda keçirdi. U-17 çempionatından sonra M.Platini bildirmişdi: “Bu sistemi praktikadan keçirdik və güman edirəm ki, hər kəs razı qaldı”.

Bir sıra təzyiqlər olsa da, sonda Avropa çempionatının final mərhələsinin oyunlarının qitənin 12 şəhərində keçirilməsi barədə qərar qəbul olundu. Çempionatın oyunlarının 12 şəhərdə keçirilməsi barədə qərar qəbul olunsa da, Dublin şəhəri sonradan namizədliyini geri götürüb. Beləliklə, 16-cı Avropa çempionatının oyunlarına Bakı (“Olimpiya Stadionu”), Sankt-Peterburq (“Sankt-Peterburq Arena”), London (“Uembli”), Münxen (“Münxen Arena”), Roma (“Olimpiko”), Buxarest (“Nasyonal Arena”), Kopenhagen (“Parken”), Amsterdam (“Yoxan Kroyff”), Sevilya (“La-Kartuxa”), Qlazqo (“Hampden Park”), Budapeşt (“Puşkaş Arena”) şəhərləri ev sahibliyi edəcək.

Turnirin 2020-ci il iyunun 12-dən iyulun 13-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən çempionatın 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Avropa çempionatları tarixində ilk dəfə bu turnirdə videonəzarət (VAR) texnologiyasından istifadə ediləcək. Çempionatın final görüşü Londondakı “Uembli” stadionunda təşkil olunacaq. “Uembli” stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək.
Geri qayıt